“Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşdı

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. 2022-ci
il fevral ayının 17-dən başlayan mərhələ 2022-ci il 31 mart
18:00-da tamamlanıb. Bu müddətdə 12299 şəxs qeydiyyatdan keçib.
Bununla da, ikinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciət
ötən il ilə müqayisədə daha çox qeydə alınıb. Qeydiyyatdan
keçənlərin 8495-i kişi, 3804-ü qadındır. Bu il qeydiyyat üçün
müraciət edən 3203 namizəd ilk müsabiqədə də iştirak edib.

Qeydiyyat mərhələsi ərzində bölgələrdə əhalinin “Yüksəliş”
müsabiqəsinə əlçatanlığını təmin etmək, qeydiyyat mərhələsində
texniki dəstək göstərmək, müsabiqə ilə bağlı əhalini
məlumatlandırmaq məqsədilə fevralın 21-i tarixindən 11 martadək
“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 22 bölgəyə
səfər edib. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə
bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən olan namizədlər
üstünlük təşkil edir. Müsabiqədə iştirak üçün mümkün yaş aralığı
21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21
yaşını tamamlamış 39 nəfər, 51 yaşını tamamlamış 3 nəfər namizəd
yer alır.

Hal-hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin
qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata
keçirir.

Qarşıda iştirakçıları Ümumi biliklər üzrə Onlayn mərhələnin ilk
sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri
üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və
iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid
25 sual təqdim olunacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi
rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət
xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr
ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı
gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: