MDU-nun tələbələri məktəblilər üçün Mart soyqırımına həsr edilmiş tədbir keçiriblər (FOTO)

2022-ci ilin 30 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Təhsil fakültəsinin dördüncü kurs tələbələri təcrübə
keçdikləri Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə 31 Mart –
Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçiriblər.
Məktəbin akt zalında təşkil edilən tədbirdə hər iki təhsil
müəssisəsinin kollektiv üzvləri, tələbələr və şagirdlər iştirak
ediblər.

Tədbirin açılışında çıxış edən Mingəçevir şəhər 13 saylı tam
orta məktəbin direktoru Daşqın İbrahimov və MDU-nun Təhsil
fakültəsinin dekanı Nizami Zeynalov 104 il əvvəl erməni
millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırımın heç
zaman unudulmayacağını, soyqırım qurbanlarının daim böyük ehtiram
və rəhmətlə anılacağını bildiriblər. Tarixi həqiqətlərin gənc nəsl
arasında təbliği istiqamətində tələbə və şagirdlərin birgə
fəaliyyətləri təqdirəlayiq hal kimi dəyərləndirilib.

Sonra, tədbirin proqramına uyğun olaraq, tələbələr soyqırım
barədə məruzələrlə çıxış edib, məktəb şagirdləri isə şeirlər
səsləndiriblər.

Sonda, Mart soyqırımı hadisəsinə dair tarixi həqiqətləri əks
etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında
müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm
verilir.

.

Teqlər: