Yükdaşımalarla bağlı yeni qaydalar milli avtodaşıyıcıların beynəlxalq dəhlizlərdə çəkisini artıracaq – Nazirlik

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına
buraxılış Qaydaları” təsdiq edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qaydalar
avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları
fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və
peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücülərinin
hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir. Həmçinin Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi tərəfindən operatorların uçotunun aparılmasını
tənzimləyir.

Qaydalara əsasən, operator kimi uçota alınmaq istəyən hüquqi və
ya fiziki şəxslər vergi uçotuna alınmalı, mülkiyyət, istifadə və ya
icarə hüququ ilə dövlət qeydiyyatına alınmış avtonəqliyyat
vasitələrinə malik olmalı, işgüzar nüfuzu, maliyyə vəziyyəti və
peşəkarlıq səriştəsi ilə bağlı müəyyən edilmiş meyarlara cavab
verməlidir.

Yeni qaydaların tətbiqi sürücülərin bilik və bacarıqlarının
artırılması və idarəetmənin inkişaf etdirilməsi vasitəsilə milli
avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılmasına kömək
edəcək, onların ikitərəfli və üçüncü ölkələrdən daşımalar bazarında
payının, eləcə də “Qərb-Şərq” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizlərində xüsusi çəkilərinin artmasına səbəb olacaq.

“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara
buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də
avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab
olunan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Keyfiyyət Xartiyasının
tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsidir.
Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə
dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər
müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər
buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin
səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya
cəlbediciliyinin artmasına müsbət töhfə verir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə
beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”
haqqında qərarı dərc edildiyi gündən bir il sonra qüvvəyə minəcək.
Bir il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi operatorların
uçotunun aparılması üçün müvafiq hazırlıq işləri həyata keçirəcək.
Belə ki, “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində daşıyıcılarla
görüşlər təşkil ediləcək, onlara lazımi izahlar və metodiki dəstək
göstəriləcək.

Teqlər: