Yol polisi velosiped sürücülərinə xəbərdarlıq etdi – Dəbilqə taxın

Xəbər - Samir Əli – Trend:

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda velosiped sürücülərinə xəbərdarlıq edib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev AzerTimes-a bildirib ki, ötən gün saat 18:45 radələrində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində Pirallahı qəsəbə sakini 1994-cü il təvəllüdlü sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi “Mercedes-Benz” markalı, 99-HC-515 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 1961-ci il təvəllüdlü Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb:

“Bundan əvvəl, 02.10.2021-ci il tarixdə saat 12:30 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 1967-ci il təvəllüdlü sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi “QAZ-53” markalı, 10-HC-792 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, 28 May qəsəbəsində velosipedçi 2000-ci il təvəllüdlü İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib”.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsivelosipedçilərə müraciət edib: “Velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.

Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.

Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”.

Teqlər: