Yol Polisi hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Xəbər - Fərid Zöhrabov – Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi
küləkli və yağışlı hava şəraiti ilə bağlı əhaliyə müraciət
edib.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
verdiyi məlumata əsasən, bu gün gecədən başlayaraq martın 5-dək
ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava
şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi
gözlənilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla
əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz
halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət
edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti
qaydalarına istisnasız riayət etməyi, digər hərəkət
iştirakçılarına, xüsusilə piyadalara qarşı məsuliyyətli və şəfqətli
davranmağı xahiş edir.

Xatırladaq ki, əlverişsiz hava şəraitində nəqliyyat
vasitələrinin texniki vəziyyətinə, o cümlədən şüşəsilənlərinin,
işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək, mümkün
qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini düzgün seçmək,
ara məsafəsini normadan artıq saxlamaq, eləcə də zərurət olmadan
ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən və kəskin
tormozlamadan çəkinmək avtonəqliyyat vasitələrində hərəkət zamanı
təhlükəsizliyə zəmanət verən amillərdir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və
sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin
çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün
qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Piyadalar isə küləkli və yağışlı havalarda daha da məsuliyyətli
olmalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat
və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Teqlər: