“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev “Elektron prokurorluq” informasiya
sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman
imzalayıb

AzerTimes xəbər verir ki,
Fərmanla “Prokurorluq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun tətbiqi və
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il
24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may
tarixli 1333 nömrəli Fərmanına əsasən qərara alınır:

– “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).

– Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət
informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr
tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron prokurorluq”
informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və
sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə təmin etsin.

– Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin
ki, “Elektron prokurorluq” informasiya sisteminin formalaşdırılması
və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf
etdirilməsi üçün zəruri tədbirlər görsün.

– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinə, Azərbaycan Respublikasının İpoteka və Kredit
Zəmanət Fonduna, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə tapşırılsın və
Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Kredit
Bürosuna tövsiyə edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq
edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında
Əsasnamə”nin 11.2-ci və 11.3-cü bəndlərində nəzərdə tutulmuş
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri
tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versinlər.

– Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun
tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu”
(G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Elektron prokurorluq”
informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə
bağlı tədbirlər görsün.

– Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin
və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılsın ki, “Elektron
prokurorluq” informasiya sisteminin təhlükəsizliyinin təmin
edilməsi üçün birgə zəruri tədbirlər görsünlər.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.

Teqlər: