Yevlaxda 200 heyvan diri-diri yandı – Video

Yevlaxda 200 heyvan diri-diri yandı – Video

Yevlaxda fermada baş verən yanğın zamanı Daşkəsəndən olan ailəyə məxsus 200 başdan çox xırdabuynuzlu heyvan diri-diri yanaraq tələf olub.

AzerTimes xəbər verir ki, hadisə gecə saatlarında Yevlaxın Tanrıqullar kəndi ərazisində Vasif Cəfərova məxsus fermada baş verib.

Həmin fermada iki ildir ki, icarə əsasında Daşkəsən rayonu Təzəkənd kənd sakini Zakir Məmmədov və ailə üzvləri 200 başdan çox xırdabuynuzlu, 60 baş iribuynuzlu heyvan və bir sıra quşlar bəsləyir.

Ailənin xanımı Radə Məmmədovanın dediyinə görə, gecə saatlarında fermanın yanından keçən kanal qırağı qamışlıqda başlayan yanğın küləyin təsiri altında bir anda fermanı bürüyüb.

Daş tikili tövlədə saxlanılan iribuynuzlu heyvanları alovun əhatəsindən çıxara bilsələr də, qoyun, quzu və quşları qurtarmaq mümkün olmayıb. Onlar tamamilə tələf olub.

Ailənin oğulu Eldəniz Məmmədovun dediyinə görə, 130 baş qoyun və 80 baş quzu alovların əsarətində olan qarğı tövlədə diri-diri yanıb. O cümlədən 30 toyuq, 10 qaz və 8 hind toyuğu tələf olub. Yanan qoyunlardan 20-dən çoxu doğmaq üzrə olan boğaz heyvanlar olub. Zərərçəkən ailə onu da qeyd edib ki, fermada elektrik enerjisindən istifadə olunmur və iki ildə ilk dəfədir ki, yanlarından keçən qamış örtüklü kanalda belə gözlənilməz yanğın baş verir.

Qeyd edək ki, əsas magistral yoldan və kəndin özündən xeyli aralıda yerləşən fermadakı yanğın yerinə çətinliklə də olsa yetişən yanğınsöndürmə briqadası alovu ram edərək digər tövləyə keçməsinə imkan verməyib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: