Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə “Passage 1901”də yerli istehsalçıların
satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022”
keçirilir.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, yarmarkanın təşkilində məqsəd mikro və kiçik
sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında
əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların
tanıdılmasıdır.
Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən
tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və
xidmətlər təqdim olunur.
Yarmarkanın rəsmi açılışında çıxış edən KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov sahibkarların satış bazarlarına
çıxışının dəstəklənməsinin KOBİA-nın fəaliyyətinin prioritet
istiqamətlərindən olduğunu qeyd edib. Vurğulanıb ki, 2022-ci ildə
də xaricdə və ölkəmizdə keçirilən sərgi və yarmarkalarda
sahibkarlar KOBİA-nın dəstək proqramı çərçivəsində iştirak edirlər.
Bu, Azərbaycan məhsullarının tanınmasına, KOB-ların məhsullarının
satışının artmasına, eləcə də “Made in Azerbaijan” brendinin xarici
müştərilərə təqdim edilməsi və ixrac imkanlarının genişlənməsinə öz
töhfəsini verməkdədir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa
Abbasbəyli və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov belə
tədbirlərin yerli məhsulların tanıdılması və KOB-ların satış
imkanlarının genişləndirilməsində əhəmiyyətini qeyd ediblər.
Yarmarka çərçivəsində həmçinin, biznesini genişləndirmək istəyən
sahibkarların ikitərəfli görüşləri və təqdimatları keçirilir,
uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılır, master
klaslar, eləcə də musiqili proqram təqdim olunur.
Mayın 20-dən start götürmüş Azərbaycan İstehsalçılar Festivalı
22 may tarixinədək saat 10.00-dan 20.00-dək Bakı sakinləri və
şəhərimizin qonaqları üçün açıq olacaqdır.