Yeraltı tunelləri olan qədim, dağılmış məbəd – Foto

Yeraltı tunelləri olan qədim, dağılmış məbəd – Foto

Alban mədəniyyəti Azərbaycan mədəniyyətinin bir parçasıdır. Xristianlığı qəbul etmiş, amma türk kimliyini qoruyan mədəniyyətimizin bir hissəsidir.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

“Şəkildə gördüyünüz (fotolar yazının sonunda təqdim edilir – red.) bu qədim abidə Alban kilsəsinin qalıqlarıdı. Bideyiz məbədi – Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən Alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilmişdir. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr Alban kilsələri üçün xarakterik olan Bideyiz məbədinin ornament və freskaları, memarlıq üslubu onun türk mədəniyyətinin bir parçası olduğunu sübut edir. Üsluba görə daha çox iskit tayfasına məxsus olduğunu ehtimal edirəm. Qədim iskitlər burda Tanrıya ibadət edirdilər. Şamanlar burda rituallar icra ediblər”, – o bildirib.

Alimin sözlərinə görə, kilsənin dağılmasına baxmayaraq, onun pəncərə və qapılarının Günəşə baxması göstərir ki, bu məbəd xristian dininə məxsus olsa da, memarlıq türk kimliyinin əsasında qurulub:

“Bideyiz məbədinin inşasında dağ daşlarından və əhəng məhlulundan istifadə edilmişdir. Həcmcə çox da böyük olmayan bu məbəd tipik Alban – xristian-türk memarlığından xəbər verir.

Bu kilsənin altında yeraltı yol var. Çox nadir məbədlərdən biridir ki, yeraltı tunellər vasitəsilə bura gediş-gəliş mümkün olub. Məbəd ərazisində olmuş nekropollar göstərir ki, burada rahiblər dəfn edilib. Bir neçə sərdabənin də qalıqları var yaxınlıqda.

1986-cı ildə Bideyiz məbədi qeydə alınmış və tədqiqata cəlb edilmişdir. Ancaq təmir və bərpa edilməyib”.

Alim Mədəniyyət Nazirliyini bu abidəyə sahib çıxmağa çağırıb.

Teqlər: