Yeni yaşayış kompleksindən 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib (FOTO)

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda açılışı olan yeni
yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə
əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, möhtəşəm
Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə
bağlı geniş sosial dəstək proqramı icra olunur.

Artıq 100 min şəxsi əhatə edən və onlara 166 min xidmətin
göstərildiyi bu sosial dəstək proqramının əsas istiqamətlərindən
biri olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi
evlə təminatı proqramı 5 dəfə genişləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid
ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə
bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən
70% çox, yəni 1572 mənzil/ fərdi ev verilibsə, 2021-ci ildə bu
proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və ötən il 3 min
mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmin
kompleksdə mənzillə təmin olunan şəhid ailəsi ilə görüşərkən
dövlətimizin başçısı “Biz bütün şəhidlərimizin ailələrinin məişət
problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim
borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur” deyə
bildirib.

Bu sözlər şəhid ailələri və müharibə əlillərinin xüsusi qayğı
ilə əhatə olunması, onların mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasında da öz
əməli təsdiqini tapır. Postmüharibə dövründə artıq 3500, ümumilikdə
ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və
müharibə əlillərinə təqdim edilib.

Yeni mənzillərlə təmin edilən şəhid ailələri və müharibə
əlilləri daim dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar
göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, sosial-məişət
şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin
edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.

Xatırladaq ki, yeni yaşayış kompleksi doqquzmərtəbəli 12
binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə
36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil
vardır.

Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina
inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli
təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri
infrastrukturla təmin olunub.

Teqlər: