SOCAR tərəfindən buraxılan yeni istiqrazlara abunə yazılışı 29 oktyabrda bitir. “SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, abunə yazılışı yekunlaşdıqdan sonra istiqrazlar investorlar arasında bölüşdürüləcək və 1 noyabr tarixində Bakı Fond Birjasında yerləşdiriləcək. Bölüşdürmə prosesində üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir.
Abunə yazılışı bitdikdən və birjada ilkin yerləşdirmədən sonra yerli və xarici investorlar bu istiqrazları 5 illik tədavül müddəti boyunca ancaq təkrar bazardan əldə edə biləcəklər.
SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb etmişdir.
Xatırlatmaq istərdik ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4.5%-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.