Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində
əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın
icrası davam edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövrü
ərzində proqram çərçivəsində bu ilin əvvəlindən 461 işsiz şəxsə iş
yerlərinə göndərişlər verilib. Göndəriş verilənlərin bir hissəsi
ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin
bağlanması işləri davam edir.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə
ötən dövrdə ümumilikdə 219 işəgötürənlə əməkdaşlığa başlanıb və
müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 700 nəfər
işlə təmin edilib.
Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri,
əlilliyi olan şəxslərdir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən
edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan
işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə
daxil olaraq müraciət edə bilərlər.