Yeni hərbi infrastrukturlar istifadəyə verilib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan
Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara
cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş
hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər
davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının
Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada
yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış
olub. Məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin
təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan
mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş
hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi
məqsədilə lazımi infrastruktur yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi
hissədə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, hərbi hissədə şəxsi heyətin nümunəvi xidmət
etməsi üçün mebellərlə təchiz edilmiş yataqxana və xidməti otaqlar,
hamam-sanitar qovşağı, qurutma otağı, tibb məntəqəsi, ehtiyat
qidaların saxlanması üçün ərzaq anbarı, yeməkxana və mətbəx
avadanlığı mövcuddur. Binada mərkəzləşdirilmiş istilik sistemi,
işıq, su və dayanıqlı rabitə, həmçinin ərazinin fasiləsiz elektrik
enerjisi ilə təmin olunması məqsədilə generatorlar vardır.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim
mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib.
Bildirilib ki, burada hərbi qulluqçulara atəş və dağ hazırlığı,
eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin
aparılması öyrədilir.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət
qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu
tapşırıqları diqqətə çatdırıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının və
peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması ilə
bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar
verib.

Teqlər: