Yeni dəhliz Azərbaycan, İran və Gürcüstan arasında iqtisadi münasibətləri artıracaq – Baş konsul

Xəbər - Elnur Bağışov – Trend:

Fars körfəzi ilə Qara dənizi birləşdirən yeni dəhliz İran-Azərbaycan və Gürcüstan arasında iqtisadi və ticarət münasibətləri inkişaf etdirəcək.

Bunu Azərbaycanın Təbrizdəki baş konsulu Bünyad Hüseynov bu gün (22 dekabr) İranın Təbriz şəhərində qeyd olunan dəhlizin sınaq şəkildə aktivləşdirilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib. Bu barədə AzerTimes IRNA-ya istinadən məlumat verir.

B.Hüseynovun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq tranzit yolu olaraq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə sahibdir. Bununla yanaşı, yeni dəhlizin aktivləşdirilməsi Azərbaycan, İran və Gürcüstanın iqtisadi potensiallarının güclənməsinə əsaslı şəkildə köməklik göstərəcək.

Hüseynov əlavə edib ki, bu dəhlizdən istifadə Qara dəniz vasitəsi ilə Avropa ilə ticarətə imkan yaradacaq, yükdaşıma üzrə məsafəni qısaldacaq və daha sərfəli edəcək.

“Yeni dəhlizin aktivləşdirilməsi üç ölkənin geostrateji mövqeyini əks etdirir və yaxın gələcəkdə regional və regiondan kənar ticarət dövriyyəsinə öz müsbət təsirini göstərəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün İranın Təbriz şəhərində İran, Azərbaycan və Gürcüstan rəsmilərinin iştirakı ilə İran-Azərbaycan-Gürcüstan vasitəsilə Fars Körfəzi ilə Qara dənizi birləşdirən yeni nəqliyyat dəhlizi sınaq şəklində aktivləşdirilib.

Teqlər: