Yemiş sahələrinin güzəştli sığortası başlayıb

Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq yemiş sahələrini
sığorta etməyə başlayıb. Digər əkin sahələrində olduğu kim yemiş
təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək
üçün dövlət ödəyir.

Fonddan AzerTimes-a verilən
məlumata görə, aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən
qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa,
fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin
hərəkətləri və sair hallar aiddir.

Yemiş təsərrüfat sahələrinin sahibləri onu baza sığorta zərfi
ilə yanaşı, ayrıca olaraq bitki xəstəlikləri və zərərvericilərdən,
eləcə də dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı,
keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.

Belə ki, ölkəmizdə Yemiş istehsalının 24.1%-i Saatlı, 19.1%-i
Kürdəmir, 17.1%-i Sabirabad, 9.5%-i Naxçıvan Muxtar Respublikası,
5.3%-i Salyan, 3.8%-i Masallı, 2.5%-i Hacıqabul, 1.8%-i Ağsu,
1.5%-i Zərdab, 1.4%-i Astara rayonunun payına düşüb.

Yemişin əsas istehsalçı rayonları olan Saatlı (285.9 sent/ha),
Zərdab (281.0 sent/ha), Sabirabad (251.5 sent/ha) və Kürdəmir
(184.2 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə
orta göstəricidən yüksəkdir.

Relyef və iqlim baxımından ölkəmizdə bu bostan bitkisinin
yetişdirilməsində biznes baxımından böyük imkanlar və fürsətlər
daim vardır. Belə ki, daxili bazarın təlabatının ödənilməsi ilə
yanaşı həmçinin böyük ixrac potensialı da mövcuddur.

2021-ci ildə Azərbaycandan yemiş ixracı əvvəlki ilə nəzərən 2.6
dəfə artaraq 740.2 ton olub. Ölkədən ixrac olunan yemişin 54.4%-i
Rusiyaya, 7.7%-i Ukraynaya, 37.9%-i isə digər ölkələrə ixrac
olunub.

Yemiş təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi
ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1.87%-4.56% arasında
dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi
1.96% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə
dəstək üçün dövlət ödəyir.

Misal: Məhsuldarlığı 100 sentner, 1 sentnerin qiyməti 80 manat,
yəni ümumilikdə 8 000 manatlıq məhsul gözləniən yemiş sahəsinin
baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq
74.80 – 182,40 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız
yarısını – 37,40 – 91,20 manatını ödəyir, qalan hissəni dövlət
ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə
itirilərsə, femerə 7 200 manatadək sığorta ödənişi edilə bilər.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta
şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet
səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq
mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və
ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
«Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və
1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Teqlər: