“Yaşıl Marafon” çərçivəsində ölkənin meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən
“Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında
genişmiqyaslı silsilə ağacəkmə və meşəbərpa tədbirləri
keçirilir.


Trend
xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə
və meşəbərpa tədbirlərində Nazirliyin rəsmilərinin, Regional Meşə
Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və
ETSN könüllülərinin iştirakı ilə gün ərzində Qobustan, Sabirabad,
Ağcabədi, Masallı, Quba, Şabran, Göygöl və Gədəbəy rayonlarının
ümumilikdə 12 hektar meşə fondu torpağında 20 000-dən çox
meşəcinsli ağac əkilib, 500 kq toxum səpilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən
kampaniya zamanı yaz-payız əkin mövsümlərində ölkənin açıq meşə
fondu torpaqlarının 1000 hektar ərazisində meşəcinsli ağacların
əkilməsi, toxumların səpilməsi və meşəbərpa tədbirlərinin
keçirilməsi nəzərdə tutulur.

Teqlər: