“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika
Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə
növbəti ağacəkmə aksiyası aprelin 5-də Xocasən qəsəbəsində
keçirilib.

IDEA İctimai Birliyindən AzerTimes-a verilən məlumata görə, IDEA
İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə
təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına
Azərbaycan Televiziyasının əməkdaşları da böyük ruh yüksəkliyi ilə
qoşulub. Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının
torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun
ağacı əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya
zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri
müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq
sahələrinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda,
xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması,
mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi
planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq,
ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış
sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq.
Bununla, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su
keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş
faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət
edilmiş olacaq. Bununla yanaşı, kampaniya ölkənin açıq meşə fondu
torpaqlarında 1000 hektar ərazidə yaz və payız əkin mövsümləri
müddətində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və
meşə bərpa tədbirlərinin keçirilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda
yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq
edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora
biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı
maarifləndirilməyə töhfə verməkdən ibarətdir.

Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb
olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı
qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini
bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi
öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə
bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv
iştirak etməyə çağırır.

Teqlər: