Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi
istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı
qalmış daha bir ağır cinayətin üstü peşəkarlıqla açılmışdır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən
birgə məlumata görə, 30 mart 2013-cü il tarixdə paytaxtın Yasamal
rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri
olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Yasamal rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanmış, həyata keçirilmiş istintaq və
əməliyyat tədbirlərinə baxmayaraq cinayət törətmiş şəxs və ya
şəxsləri müəyyən etmək mümkün olmadığından 23.04.2019-cu il tarixdə
cinayət işinin icraatı dayandırılmışdır.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi
yenidən öyrənildikdən sonra icraat təzələnmiş, həyata keçirilmiş
çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə
edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər sakini Zaur
Sadıxov 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı
İsmayıl Zeynalovla narkotik vasitələrin satışı ilə məşğul olan Alik
Bədirovun yaşadığı ünvanda narkotik vasitə qəbul etdikdən sonra evə
qayıdarkən avtomobildə aralarında mübahisə baş vermiş, Zaur Sadıxov
avtomobili yolda saxlayaraq maşından enməyə çalışan İsmayıl
Zeynalova yaxınlaşıb sonuncunun bədəninin müxtəlif nahiyyələrinə
təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürmüş, daha sonra
narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi
görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb uzanıqlı
formada orada qoyaraq hadisə yerindən uzaqlaşmış, həmçinin törətmiş
olduğu cinayətin izlərini itirmək məqsədilə İsmayıl Zeynalova
məxsus mobil telefonunu və köynəyini istintaqla müəyyən edilməyən
yerlərə atmışdır.
Zaur Sadıxov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə digər hüquq mühafizə
orqanları ilə birgə işlər davam etdirilir.