Yarmarkaya çıxarılan balın böyük hissəsi artıq satılıb – Nazirlik rəsmisi

Xəbər - Fərid Zöhrabov – Trend:

Bal yarmarkasına maraq çox böyükdür.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

O bildirib ki, artıq bir neçə arıçı bal məhsullarının hamısını satıb: “Digərləri isə həftənin sonuna qədər məhsullarını satıb gedəcəklər. Bu bal yarmarkasına 120 tona yaxın məhsul çıxarılmışdı. Demək olar ki, hamısı satılıb. Arıçılar özləri də satışdan razıdır.

Qarabağdan gətirilən balın hamısı demək olar ki, satılıb. Bu il onlar yarmarkaya çox bal çıxartmamışdılar. Çünki balın çoxunu elə süzüb yerindəcə satmışdılar.”

Qeyd edək ki, oktyabrın 20-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Vətəndaşlar 20 oktyabr – 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Teqlər: