YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan
Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” adlı fərdi retrospektiv sərgisini təqdim
edir.
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Sərginin müddəti: 26 may – 16 oktyabr
Giriş ödənişsiz, COVID pasportu ilədir
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan
Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin ilk
genişmiqyaslı muzey sərgisini təqdim edir. Fərdi və ictimai
kolleksiyalardan toplanmış ekspozisiya, 250-ə yaxın rəngkarlıq və
qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə
edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını,
şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir
araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə
təqdim olunur.
“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması”
ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün
bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını
təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın
məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu
“ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir.
Ucalın daxili aləmindən bəhs edən ekspozisiya, rəssamın
şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə,
həm də onun daima yeniliklər axtarışında olan mükəmməl kolorist və
rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində
yaradıcılıq yolunu başlayan Ucalın müxtəlif janr, istiqamət və
növlərdə bədii axtarışları/eksperimentləri məlumdur. Təkcə vizual
axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan
yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar,
heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, Şərq
fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların
nəticəsində Ucal bənzərsiz dəsti-xətti ilə müstəsna vizual dilini
yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi
incəsənət tarixində qalıb.
O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel
kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdir. Ölümündən
sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena
Haqverdiyeva tamamlamışdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Rəssam haqqında
Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər rəssamlar ailəsinin
nümayəndəsidir. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirdikdən sonra, təhsilini Azərbaycan Pedaqoji
İnstitutunda davam etdirmişdir. O, atası Həsən Haqverdiyevin
ölümündən sonra, Kamal Əhmədi və Sənan Qurbanovu özünə müəllim
sayıb. U. Haqverdiyev, İtalyan İntibahı, eləcə də neoimpressionizm,
kubizm və fovizm kimi modernizm üslubları, həmçinin “Qacar” rəsm
məktəbindən ilhamlanıb.
Ucal Haqverdiyevin əsərləri Rusiya, Gürcüstan, BƏƏ, Fransa,
Tunis, Avstriya, Almaniya və Türkiyədə sərgilənib; ABŞ, Avstriya,
Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda
saxlanılır.