“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri mükafatlandırlıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş
“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri
mükafatlandırılıb.

Trend xəbər verir ki, mükafatlandırılma mərasimində BŞTİ-nin
müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər
təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa
Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət
Əsədzadə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf
mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin
müdiri Elxan Nəcəfov, İdarənin müvafiq struktur bölmə rəhbərləri,
məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilimizin inkişafı üçün
qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman
ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr
müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi
təşəbbüslər tələb edir.

Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan İdarə müdiri
“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim
etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən
dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından
olduqlarını diqqətə çatdırıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun,
tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan
Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə ölkənin ümumi
təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə
çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində
uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək
baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirdiklərini söyləyiblər.

Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən
bəhs edən videoçarxlar nümayiş olunub.
“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri
göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Teqlər: