Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar (FOTO)

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində
təcrübəsinin paylaşılması istiqamətində görüşlər və tədbirlər davam
etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə,
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan
ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara
göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar.

Xaçmaz KOB evində olan JICA-nın nümayəndələrinə məlumat verilib
ki, KOB evləri KOBİA-nın strukturuna daxildir. Hazırda Xaçmaz və
Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. “Xaçmaz
KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək
xidmət göstərilir. 2021-ci ildə “Xaçmaz KOB evi”nə 27 mindən çox
biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib.
Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Yaxın vaxtlarda “Bakı KOB evi” də sahibkarların istifadəsinə
veriləcəkdir. “Xaçmaz KOB evi”ndə sahibkarlara biznes təlimlər
keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM)
və sahibkarlara yerində xidməti təmin edən KOB dostu ofisi də
fəaliyyət göstərir. Hazırda KOBİM-lər ölkənin 21, KOB dostu
şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir.

Teqlər: