Yaponiyanın Baş naziri yeni ildə koronavirusla mübarizəni prioritet adlandırıb

Yaponiya hökuməti 2022-ci ildə koronavirusla mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün tədbirlərə üstünlük verəcək.

Trend xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida xalqa Yeni il müraciətində bildirib.

Hökumət başçısı qeyd edib ki, peyvəndləmə kampaniyasının görünməmiş sürəti sayəsində ötən ilin ikinci yarısında epidemik vəziyyət bir müddət sakitləşib. Bununla belə, ölkə yeni yüksək yoluxucu qabiliyyətə malik “omikron” ştammı təhlükəsi ilə üzləşib: “Virusun qarşısının alınması, aşkarlanması və erkən mərhələdə müalicəsi üçün səyləri gücləndirməyə davam edəcəyik”.


Kişida həmçinin qeyd edib ki, ölkə rəhbərliyi pandemiyanın mənfi nəticələrini yumşaltmaq üçün əhaliyə və biznesə hər cür dəstəyi verəcək.