Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yaponiyanın Xarici İşlər Nazirliyi Ukrayna ətrafındakə
vəziyyətlə əlaqədar 398 Rusiya vətəndaşı və 28 Rusiya təşkilatına
qarşı sanksiyalar tətbiq edib.

AzerTimes-ın məlumatına görə, beynəlxalq sülhün və təhlükəsizliyin
qorunmasına və Yaponiyanın beynəlxalq sülhü təmin etmək üçün
beynəlxalq səylərə töhfə verməsilə əlaqədar 398 Rusiya vətəndaşının
və 28 təşkilatın aktivləri dondurulur.

Sanksiyaların tətbiq edildiyi şəxslər arasında Rusiya Dövlət
Dumasının 385 deputatı və Yaponiya XİN-in “Rusiya prezidentinin
qızları” adlandırdığı Katerina Tixonova və Mariya Vorontsova da yer
alıblar. Sanksiyalar həmçinin Rusiya XİN rəhbərlərinin “həyat
yoldaşı və qızı” Mariya Lavrova və Yekaterina Vinokurovaya qarşı da
tətbiq edilib.

Sanksiyalar siyahısında həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin
baş komandanı Nikolay Yevmenov, onun müavini vitse-admiral Vladimir
Kasatonov, Qara dəniz donanmasının komandanı admiral İqor Osipov,
onun birinci müavini Sergey Pinçuk, Quru qoşunları komandanı Oleq
Salyukov, Hərbi Kosmik Qüvvələrin komandanı Sergey Surovikin, Hərbi
Hava Qüvvələrinin komandanı Sergey Dronov, Cənub Hərbi Dairəsinin
komandanı Aleksey Avdeyev, onun müavini Rustam Muradov və Cənub
Hərbi Dairəsinin 8-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun
komandanı Andrey Sıçevoy da yer alıblar.

Bundan əlavə, Yaponiya Rusiyanın 26 müəssisəsi və 2 bankına
qarşı da sanksiyalar tətbiq edib. “Alfa-bank” və “Sberbank”ın
aktivləri dondurulacaq, sözügedən banklarla tranzaksiyalar mayın
12-dən qadağan ediləcək.

Eyni zamanda, Rusiya Federasiyasına xarici investisiyalara
qadağa da tətbiq edilir. Mayın 12-dən investisiyalar yalnız xüsusi
icazələrlə həyata keçiriləcək.