Xəbər - Elçin Mehdiyev – Trend:
Yeni Azərbaycan Partiyası (YAP) Xocalı soyqırımının 30-cu
ildönümü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara
müraciət edib.
Partiyadan AzerTimes-a
verilən məlumata görə, müraciətdə deyilir:
“30 il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədildi. Şəhər
yerlə yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər
xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə
məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə
indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub,
onlardan 76 nəfəri azyaşlıdır.
Sonrakı günlərdə hadisə yerinə səfər edən xarici ölkələrin
çoxsaylı mətbuat nümayəndələri də bu dəhşətli mənzərənin şahidi
oldular. Onların müxtəlif kütləvi informasiya vasitələrində
yaydıqları məlumatlarda diqqətə çatdırıldığı kimi, yüzlərlə insan
öldürülmüş, mülki şəxslərin, o cümlədən qadın və uşaqların
cəsədləri təhqir edilmişdi.
Xocalı soyqırımı Ermənistanın siyasi və hərbi rəhbərliyinin
1988-1993-cü illərdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və
700 min nəfər azərbaycanlının öz yurdundan didəgin salınması ilə
nəticələnən işğalçılıq siyasətinin həyata keçirilməsi zamanı dinc
əhaliyə qarşı törətdiyi ən dəhşətli cinayətdir. Həmin illərdə
ermənilərin işğal edərək yer üzündən sildikləri Bağanıs Ayrım,
Qaradağlı, Ağdaban, Başlıbel və onlarla digər yaşayış
məntəqələrində əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil
edən yüzlərlə dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməsi
vandalizmin, insanlıq əleyhinə cinayətlərin bariz sübutudur.
2020-ci ildə Ermənistanın yeni torpaqlar ələ keçirmək məqsədi
ilə növbəti hücum cəhdlərinin qarşısını almaq üçün Azərbaycanın
həyata keçirdiyi əks-hücum əməliyyatları – Vətən müharibəsi zamanı
da ermənilər beynəlxalq hüququn tələblərini kobudcasına pozaraq
Gəncə, Tərtər, Bərdə və digər şəhər və kəndlərimizi kütləvi
məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli
bombalarla hədəfə aldılar. Nəticədə 98 mülki şəxs həyatını itirdi,
414 nəfər yaralandı, 3000-dən çox ev və 100 yaşayış binası
dağıdıldı.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları azad edildi, 30 illik
işğala son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə
yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində
qalmış qərar və qətnamələrinin icrasını təmin etdi, Cənubi Qafqaz
regionunda yeni reallıqlar yaratdı. Hazırda işğaldan azad olunan
ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Yaxın
illərdə bu ərazilərin sakinlərinin öz yurdlarına qayıdışı və
layiqli-dayanıqlı məskunlaşması təmin ediləcəkdir.
Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması, qanlı
cinayət aktına adekvat qiymət verilməsi istiqamətində Azərbaycan
dövləti tərəfindən sistemli iş aparılır. Eyni zamanda, Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü
tədbirlər həyata keçirir. Xüsusilə də, Fondun Vitse-prezidenti
Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyasının
uğurla davam etdirilməsi, bir çox ölkədə tədbirlərin təşkili və
digər işlər real nəticələrin əldə olunmasını şərtləndirir. Bunun
nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox
ştatı bu cinayəti qətliam kimi tanıyıb.
Azərbaycan həmişə sülh, əməkdaşlıq tərəfdarı olub, bunu öz
mövqeyi və fəaliyyəti ilə dəfələrlə sübut edib. Lakin heç bir
cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı
bərabəri olmayan bir vandalizm aktıdır. Təəssüflər olsun ki, 30 il
keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı
faciəyə lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti
törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.
Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün
bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna
görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları –
Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq
qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar.
Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların
təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında
və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o
cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa
çalışırlar.
Biz beynəlxalq təşkilatları, siyasi partiyaları və dünya
ictimaiyyətini insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımına
biganə qalmamağa, belə cinayətlərin bir daha yer üzündə
təkrarlanmaması üçün Xocalıya ədalətin təmin edilməsi yönündə
Azərbaycanın təşəbbüslərini dəstəkləməyə, birlik və həmrəylik
nümayiş etdirməyə çağırırıq”.
Qeyd edək ki, müraciət Yeni Azərbaycan Partiyasının təşkil
etdiyi Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı
soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda
videokonfransda qəbul edilib.