Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Yeni
Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov,
Rayon İcra Hakimiyyəti Başçısının müavini Lalə Əhmədova, Milli
Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov və rayonda
fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərinin direktor və
müəllimləri iştirak edib.
Görüşün məqsədi Xəzər rayonunun orta ümumtəhsil müəssisəslərində
çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy
və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar
prosesində istifadə etmək, təhsil müəssisələrində vətənpərvərlik
işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas
istiqamətləri barədə tövsiyələr vermək olub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xəzər
Rayon Təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin
müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin
əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı
rolundan bəhs edib. Bununla yanaşı qeyd edib ki, ölkə rəhbərliyinin
təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və
vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin
nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür. Təhsil
sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin
əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilir,
onlara fəxri adlar və mükafatlar verilir.
Görüşdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən
Salahov milli təhsil quruculuğu sahəsində əldə olunan
nailiyyətlərdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən
işlərdən, islahatlardan danışıb. Təhsil sistemində tədrislə yanaşı,
əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sagird
münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində
müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Təhsil
sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar
fəailiyyətin təşkili, təkmilləşdirilməsi, xüsusi ilə vətənpərvərlik
tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı fikirlərini
bölüşüb.
Görüşdə həmçinin Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan
Məmmədov, 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 216
saylı tam orta məktəbin direktoru Səidə Rüstəmova çıxış edərək,
təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti
cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və
qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi
istiqamətində aparılan addımlardan danışıblar.
Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları
maraqlandıran suallar cavablandırılıb.