44 günlük Vətən müharibəsi bütövlükdə dünya azərbaycanlılarının qələbəsidir – Tamam Cəfərova

44 günlük Vətən müharibəsi bütövlükdə Dünya azərbaycanlılarının
qələbəsidir. Çünki, bu qələbənin əldə olunmasında harada
yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının həmrəyliyi
mühüm rol oynamışdır. Ona görə ki, həm Azərbaycanda yaşayan
Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə
vururdu, bir hədəfə çatmaq üçün çalışırdı. Hər birimiz hər gün öz
əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü
yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha
vacib və ali vəzifə yox idi. Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Şanlı Azərbaycan
Ordusu bu vəzifəni qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan xalqı
30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu,
ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki,
biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq
fikrində deyildi. Bu baxımdan, Azərbaycan həqiqətlərinin dünyaya
çatdrılmasında, haqq-ədalət mübarizəsində xaricdə yaşayan
azərbaycanlıların və diapora təşkilatlarının əməli fəaliyyəti
xüsusilə qeyd olunmalıdır.

Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam
Cəfərova deyib.

Ötən həftə Azərbaycan xalqının yaddaşında və eləcə də
dövlətçilik tariximizdə dərin iz qoyan Dünya azərbaycanlılarının V
Qurultayı Böyük Zəfərimizin növbəti Zəfər Paradı oldu: bu dəfə
xaricdə yaşayan azərbaycanlıların və diapora təşkilatlarının
iştirakı ilə. Azad Qarabağda, azad Şuşada keçirılən Qurultayın adı
Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk
dəfə idi ki, dünya azərbaycanlıları bir araya gəlib, qurultay
keçirirdi. V qurultayı Ulu Öndər Heydər Əliyevin davamçılarının
keçirdiyini vurğulayan millət vəkili qeyd etdi ki, Ulu Öndər Heydər
Əliyevin Dünya azərbaycanlılarının qurultayında çıxışı zamanı
dediyi “vaxt gələcək biz bu qurultayı Şuşada qeyd edəcəyik”
ifadəsini hamımız yaxşı xatırlayırıq. Bəli, 30 ilə yaxın həsrətdən
sonra o gün gəldi və azad Şuşa həmvətənlərimizi öz əzəməti ilə
qarşıladı. Və bütün dünyaya göstərdi ki, 30 illik işğala
baxmayaraq, Şuşa şəhəri öz ruhunu, tarxiliyini qoruyub-mühafizə edə
bilib. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək,
“mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava
ilə qarşıladı və bu onu göstərir ki, bu, bizim tarixi
torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Fikirlərinin davamı olaraq millət vəkili T.Cəfərova dedi ki,
cənab Prezident İlham Əliyev öz çıxışında bir çox məsələlərlə
yanaşı 1992-ci ildə Qarabağ məsələsini həll etmək üçün mandat almış
Minsk qrupunun “fəaliyyətinə” xüsusi toxunmuş və bildirmişdir ki,
bu qrup 28 il boyunca status-kvonun saxlanılmasına çalışmışdır və
faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun
tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən
bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün
yaranmamışdır. Keçmiş münaqişənin həllinə nail olmaq üçün
yaradılmış Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur.
Onlar elə düşünürdülər ki, zaman keçdikcə nəsillər dəyişdikcə
Azərbaycan xalqı bu vəziyyətlə barışacaq və işğal altında olan
torpaqlarımız unudulacaq. Şübhəsiz ki, bu həm Ermənistanın, həm də
havadarlarının çox böyük səhvi idi. Biz sübut etmişik ki, ölümə
getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda
yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən
ölümə gedirdilər. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan
gəncliyi ilk öncə öz vətənpərvərliyi, milli-mənəvi dəyərləri və
milli identikliyi ilə başqalarından fərqlənir. “Məsələ millətin
birliyi, dövlətimizin ərazi bütövlüyü olduqda bütün dünya
azərbaycanlıları “dəmir yumruq” kimi birləşib düşməni məhv etməyi
yaxşı bilir”. Tamam Cəfərova belə deyib.

Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, bölgənin
gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim edib deyən millət
vəkili T.Cəfərova qeyd edib ki, bundan sonra Azərbaycan-Ermənistan
əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan
konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və
Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən
bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də
olmayacaq.

Həm müharibə dövründə, həm də post-müharibə dövründə qazanılan
uğurların əsasında Azərbaycan xalqının birliyi, bütövlükdə
Xalq-İqtidar birliyi dayanır. Xalqımızın böyüklüyü, xalqımızın
qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya
azərbaycanlılarının birliyi nəticəsində düşmən diz çökdürülmüşdür.
Xalqın birliyi və sarsılmaz siyasi iradə post-münaqişə dövründə də
sülh gündəliyini müəyyən edən tərəfdir. Şübhəsiz ki, Azərbacan
regionun gələcək inkişafında və münasibətlərin normallaşma
prosesində də gündəliyi müəyyən edən olacaqdır.

Teqlər: