YAP Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd edilib (FOTO)

Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunan tədbir
keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı,
ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi
önünə qızıl gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla
yad ediblər. Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam
edən tədbirdə Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən
Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət
Himnimiz səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə rayon təşkilatının həyatında əlamətdar bir günün
yaşandığını vurğulayaraq bildirib ki, arxada qalan illər
uğurlarımızın davamlılığı ilə müşayiət olunub: “Bu gün sıralarında
16 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatı
partiyanın ilk təsis olunan təşkilatlarındandır. 29 il təşkilatın
həyatında mühüm hadisələrlə yadda qalıb. Təşkilatın 29 illiyi
münasibətilə bütün üzvlərini təbrik edir, yeni hədəflərin
gerçəkləşdirilməsi istiqamətində səylərimizi daha da birləşdirməyi,
gələcəyə doğru daim inamla irəliləməyi arzulayıram.”

Vüqar Rəhimzadə bildirib ki, bu il yaradılmasının 30 illik
yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası zamanın
tələbi, xalqın istəyi ilə həyata vəsiqə alıb: “30 illik tarixin
səhifələrini vərəqlədikcə bir gerçəkliyi böyük inam və qətiyyətlə
bildiririk ki, qarşıya nə qədər çətinliklər çıxsa da, düşünülmüş və
gələcəyə hesablanmış siyasətin nəticəsində onların hər biri öz
müsbət həllini tapıb, Azərbaycan davamlı uğurları ilə diqqətdə
olub. Bu gün Azərbaycan adını tarixə qalib ölkə kimi yazdığı üçün
qürurludur. Təbii ki, bu uğura imza atmaq üçün böyük bir yol
keçdik. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın
yaşadıqları hər kəsin yaddaşındadır. Azərbaycan parçalanmaq, bir
dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayırdı. Belə bir
çətin zamanda xalqın sabahını düşünən ziyalıları çıxış yolu
axtardılar. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən
91 nəfər ziyalı ölkəni düşdüyü ağır vəziyyətdən xilas edə biləcək
partiyanın yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə müraciət
etdi. Hər zaman dövlətinin, xalqının gələcəyini düşünən, həyatının
mənasını məhz Vətənə xidmətdə görən ümummilli lider Heydər Əliyevin
bu müraciətə müsbət cavabı Onun nə qədər xalqına, dövlətinə bağlı
olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır
vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası
sonrakı illərdə ölkəmizin daha da qüdrətlənməsini, güclənməsini
təmin etdi. YAP-ın yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı,
ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin
əsasını qoydu.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 30 ildə
qazandığı uğurların təhlili fonunda bu fikri xüsusi qeyd edib ki,
2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən
dəstək, səs Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində
böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı,
partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni
reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz
töhfələrini verməyə çalışırlar.

Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi
Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük
qürurdur. YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında
Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan
hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları
həyata keçirmək üçün mühüm əsaslar vardır.”
O da qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın
ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin
əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı
ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də
partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. Bu gün
partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi də YAP-ın
yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun
siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata
keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın
daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub,
fəaliyyət göstərir və bundan sonra da hər cür fədakarlığı
göstərməyə hazırdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın
Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Yeni
Azərbaycan Pariyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla
ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.
Müstəqilliyimizin bərpasının ilk illərində bu partiyanın yaranması
tarixi zərurətə çevrilmişdi. Azərbaycanın parçalanması təhlükəsi
xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün
çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər
Əliyevi xilaskar kimi görürdülər.

A.Rəhimzadə qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaranan
partiyamız ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün
qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi
qüvvəsinə çevrildi.

“Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından
alır» söyləyən Arif Rəhimzadə qeyd edib ki, biz bu ideyalar
ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz
Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır.
Partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 30 il ərzində YAP
böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham
Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim
partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün
strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində
fəal rol oynayırlar. YAP-ın 30 illik fəaliyyətinə nəzər saldıqda bu
partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə
söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin
vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda,
bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.
Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi
olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni
Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı
yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr
qoydu. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra
edilməsinə səy göstərir.

A.Rəhimzadə bir daha YAP Xətai rayon təşkilatının hər bir üzvünü
əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar
arzulayıb.

Partiyanın yarandığı dövrdə ictimai-siyasi durumun ağır
vəziyyətdə olmasından, insanların sabaha olan ümidlərinin
itməsindən bəhs edən “91-lər”in üzvü, Yeni Azərbaycan Partiyasının
Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev qeyd edib
ki, 1992-ci il noyabrın 21-də təsis konfransını keçirən Yeni
Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına
çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri
uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni
mərhələnin əsasını qoydu. YAP iqtidar partiyası kimi mövqeyini
möhkəmləndirdi, qələbələri ilə cəmiyyətdəki nüfuzunu bir daha
nümayiş etdirdi.

S.İmamvediyev vurğulayıb ki, bu gün həmin siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan
Partiyasının həyatında yeni dövr başlayıb. Ötən il martın 5-də
partiyanın Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq keçirilən
VII qurulayında qəbul olunan qərarlar Yeni Azərbaycan Partiyasının
qarşısında geniş imkanlar açır. Gələcəyə nikbinliklə baxmaq üçün
kifayət qədər amillər olduğunu önə çəkən ölkə Prezidenti İlham
Əliyev bunu belə əsaslandırır ki, “xalq”, “millət” anlayışları ön
planda olanda istənilən problem öz həllini tapa bilər.

YAP-ın Veteranlar Şurasının üzvü bu fikri xüsusi qeyd edib ki,
belə bir partiyanın üzvü olmaq böyük xoşbəxtlikdir. Bu partiya
Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı
bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı
addımları ilə sübut edir.
Tədbirdə çıxış edən akademik Vaqif Abbasov ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin
miqyasının ölçüyəgəlməzliyindən bəhs edib. Bildirib ki, Ümummilli
Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf,
tərəqqi yoluna çıxardı. Heydər Əliyevin yaradıcısı olduğu Yeni
Azərbaycan Partiyasının hər bir üzvü bu ideyaların təbliğatçısıdır.
Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini
uğurla davam etdirən Prezident İlham Əliyev tariximizə Zəfər
səhifəsini yazdı. Bu gün bu Zəfərin işığında yeni-yeni hədəflər
müəyyənləşdirilir və onlara nail olmaq üçün birgə səylər
göstərilir.

Vaqif Abbasov Yeni Azərbaycan Partiyasına xidmətin dövlətə,
xalqa xidmət olduğunu önə çəkərək bu fikri xüsusi qeyd edib ki,
gənc alimlərimiz partiyaya üzv qəbul olunmaq istəklərini
bildirirlər. Bu, onların partiyaya bağlılıqlarından, Heydər Əliyev
ideyalarının Azərbaycana qazandırdığı uğurlardan keçirdikləri qürur
hissinə söykənir. Gənc alimlərimiz Azərbaycanın dayanıqlı
inkişafına öz töhfələrini vermək istəklərini fədkarlıqları ilə
təsdiqləyirlər. Bu gün hər bir Azərbaycan vətəndaşı sevinclidir və
qürurludur. Çünki hər birimiz qalib Azərbaycanımızla fəxr
edirik.

Şəhid atası, Xalq artisti Əli Nur şəxsiyyətlərin tarixdə
rolundan bəhs edib. Bildirib ki, hər bir millətin, xalqın öz tarixi
şəxsiyyətləri vardır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun
dövlətinin, xalqının gələcəyini düşünən, ideyaları ilə Azərbaycanı
ən yüksək zirvələrə aparan Heydər Əliyev kimi Ümummilli Lideri
vardır. Heydər Əliyev məktəbindən bəhrələnən, onun layiqli
davamçısı Prezident İlham Əliyev adını tariximizə qalib Lider kimi
yazdı. Bu gün qalib Sərkərdəmiz işğaldan azad edilmiş
torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər edir,
dünyaya öz mesajlarını çatdırır. Qarabağ Azərbaycandır! Bu
torpaqlar bizimdir. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda
əbədi yaşayacaq.
YAP Xətai rayon təşkilatının təsis konfransının iştirakçısı kimi
çıxış edən Kərim Ağayev o illərin çətinliklərindən bəhs edib.
Bildirib ki, ötən 29 ildə təşkilat çətin və şərəfli yol keçib və bu
gün sıralarında birləşən üzvlərinin hər biri belə bir partiyada
təmsil olunmaqdan qürurludur. YAP Xətai rayon təşkilatı partiyanın
digər təşkilatlarından fəallığı ilə seçilir, ölkənin ictimai-siyasi
həyatında əldə olunan uğurlara öz töhfələrini verir.
Çıxış edən partiya fəalı Məmməd Əliyev də YAP-ın yarandığı çətin
dövrlə bağlı fikirlərini bölüşüb.

Fəal gənclər adından çıxış edən Aysel Mayıllı Yeni Azərbaycan
Partiyasının sıralarına üzv qəbul olunmaq istəyindən və onu
gerçəkləşdirməsindən bəhs edərək bildirib ki, bu gün Azərbaycanın
adının qalib ölkə kimi tarixə yazılmasını şərtləndirən əsas amil
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan
Partiyasının yaradıcısı Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti, onun ideyaları və son 18 ildə bu kursun Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Belə bir partiyada
təmsil olunmaq mənim üçün şərəfdir.

Sonda YAP Xətai rayon təşkilatının yarandığı gündən bugünədək
onun işində fəal iştirak edən bir qrup üzvə Fəxri fərman təqdim
edilib.

Teqlər: