YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradıldı (FOTO)

Proqramında müstəqillik, dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül,
konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi
ideoloji prinsiplər müəyyən edilən Yeni Azərbaycan Partiyasının
üzvlərinin, o cümlədən ərazi partiya təşkilatlarının sayı
gündən-günə artır. Bu, təbii ki, xalqın partiyaya olan inamının və
etibarının göstəricisidir.

Aprelin 14-də YAP Xətai rayon təşkilatı ərazi partiya
təşkilatlarının sırasına daha biri də əlavə olunub. Belə ki,
Süleyman Vəzirov 142 ünvanında yeni ərazi partiya təşkilatı
yaradılıb.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Bakı Avropa
Liseyinin direktoru Zülfiyyə Veyisova diqqəti Azərbaycanın
beynəlxalq səviyyədə qazandığı uğurlara yönəldərək bildirib ki, bu
gün respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada
siyasi sabitlik, tərəqqi, qlobal təşəbbüslər məkanı, güclü,
dayanıqlı iqtisadiyyatı olan və tolerant ölkə kimi tanınır: “Dövlət
başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil
siyasi kursu sayəsində böyük nüfuz qazanan Azərbaycan dünyada
etibarlı tərəfdaş kimi mövqeyini gündən-günə möhkəmləndirir”.

Çıxışının əvvəlində yeni yaradılan ərazi partiya təşkilatına
gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon
təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətdə partiyanın artan
nüfuzundan, onun Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmasından
ətraflı bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü
ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından
sonra ölkəmizin bütün sahələri dirçəldi, inkişaf etdi:
“Azərbaycanın daxilində baş verənlər- əhalinin sosial durumunun
yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, qəbul
onunan proqramlar, imzalanan fərmanlar, sərəncamlar, siyasi
sabitlik ölkəmizin dünya birliyindəki yerini möhkəmlətdi. Bütün
söylənilənlər heç şübhəsiz ki, partiyamıza da böyük nüfuz
qazandırdı”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, xalq-iqtidar
birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik
mühitini şərtləndirən həlledici amildir: “2003-cü ildə xalqın
mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev
müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi.
Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün
tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq praktikada
uğurla həyata keçirdi. Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz
və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə
respublikamızın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii
ki, bunların arasında ən möhtəşəmi 30 il düşmən tapdağı altında
olan torpaqlarımızın yağı düşməndən təmizlənərək ərazi
bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan
parlaq Qələbə tarixi ədaləti bərpa etdi”.

V.Rəhimzadə vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali
Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik
etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük
qürurdur.
Sonra təşkilati məsələyə baxılıb. Aygün Məcidova Süleyman Vəzirov
142 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Pərvinə
Qədimova isə sədr müavini seçiliblər.

Teqlər: