YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını keçirib (FOTO)

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Xudu Məmmədov küçəsi 2 ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti dəyərləndirilib.

Yığıncaqda çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə diqqəti son 18 ilin uğurlarına yönəldərək bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, qalibiyyətə gedən yolu hər an yaxınlaşdıran Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olmaqla adını tarixə qalib ölkənin qalib Lideri kimi yazdı: “Son 18 ildə Azərbaycanda mövcud olan sabitliyin və iqtisadi tərəqqinin güclənməsi ilə ölkəmizə investisiya axını sürətləndi. Azərbaycan böyük investisiyalar məkanına çevrildi. İndiyə qədər ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollardır ki, bunun da böyük əksəriyyətini xarici investisiyalar təşkil edir. Təkcə bu fakt Azərbaycanın beynəlxalq aləmdə özünə qarşı formalaşdırdığı inamın və etimadın təsdiqidir. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, həmçinin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənir. Bu gün ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlara yol açan əsas amil dövlətini, xalqını sevən Liderin olmasıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən, Prezident İlham Əliyev isə torpaqlarımızı işğaldan xilas etdi.”

Vüqar Rəhimzadə qeyd edib ki, Zəfərimizin memarı kimi xalqın sevgisini, etimadını daha da artıran, dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi Milli Prioritetlər gələcəyə daha böyük inamla baxmağa əsas verir.

YAP Xətai rayon təşkilatının sədri partiyanın hər bir rayon təşkilatının qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə öz töhfələrini vermək üçün böyük əzmlə səy göstərdiyini bildirib. 800 minə yaxın üzvü sıralarında birləşdirən YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Sonra hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb. Kabus Dadaşov Xudu Məmmədov küçəsi 2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Gülsabah Bədəlova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

Teqlər: