YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirib (FOTO)

Mayın 19-da Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan
Partiyasının (YAP) Gənclər Birliyi və Ali Məktəbin birgə
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin
bağlanış mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasim 1-ci Rəqəmsal
İdeya Müsabiqəsi barədə videoçarxın nümayişi ilə davam
etdirilib.

Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə
barədə hesabat təqdim edərək bildirib ki, əsas məqsədimiz
partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının
aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və
ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının
artırılmasıdır. Müsabiqə üçün respublikamızın 60 şəhər və
rayonundan 1361 nəfər qeydiyyatdan keçib. Müraciət edənlər
arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı
layihədə iştirak şansı qazanıb və bu iştirakçıların 55 nəfəri kişi,
65-i isə qadındır.

Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar
Qasımov qonaqları salamlayaraq bu müsabiqənin gənclərin
inkişafında, onların potensiallarının, bilik və bacarıqlarının
artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Əmək
bazarının tələblərinə uyğun peşəkar mütəxəssislər yetişdirən Ali
Məktəb olaraq gənclərin inkişafına dəstək verən bu cür tədbirləri
təşkil etməkdən qürur duyuruq. Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi ilə birgə təşkil etdiyimiz bu müsabiqə innovasiya yönümlü
gənclərin istedadlarını nümayiş etdirməsi üçün xüsusi fürsətdir.
Əminəm ki, bu müsabiqə innovativ yanaşmaları ilə fərqlənən gənclərə
böyük fayda verəcək”.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında YAP Gənclər
Birliyi və BANM tərəfindən bu layihənin təşkil olunmasını yüksək
qiymətləndirib və müsabiqənin Azərbaycan gəncliyinin inkişafında
xüsusi önəm kəsb etdiyini qeyd edib. O, SOCAR-ın da gənclərin
inkişafına xidmət edən müxtəlif təqaüd proqramları həyata
keçirdiyini, bu proqramlardan yüzlərlə gəncin yararlandığını
vurğulayıb.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov vurğulayıb ki, Azərbaycanda ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti
Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli,
vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun
sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni
Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib: “Yeni
Azərbaycan Partiyası hər zaman gənclərin inkişafına geniş
imkanların yaradılmasını, bilik və bacarıqlı gənclərimizə dəstək
verilməsini diqqət mərkəzində saxlayıb. Partiyamız bu məqsədlə
davamlı olaraq müxtəlif səmərəli layihələr həyata keçirir. İnanıram
ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunan bu müsabiqə seçilmiş 120 nəfər üçün çox
faydalı olacaq və gənclərimiz öz innovativ potensialını
təkmilləşdirəcək. Hesab edirəm ki, bu tipli layihələrin gələcəkdə
də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün
olduqca faydalıdır”.

Daha sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə
yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın
əhəmiyyətindən danışıb və qeyd edib ki, bu müsabiqə Azərbaycanın
innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına
töhfədir. O, müsabiqənin qarşıya qoyulan hədəf və məqsədlərə nail
olduğuna əminliyini ifadə edərək vurğulayıb ki, rəhbərlik etdiyi
nazirlik hər zaman bu tipli tədbirlərə dəstək göstərməyə
hazırdır.

Təhsil naziri Emin Əmrullayev isə gənclərə təqdim olunan bu
imkanı yüksək qiymətləndirərək vurğulayıb ki, müsabiqə istedadlı və
innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə
çıxmasında böyük rola malikdir. Nazir rəqəmsallaşmanın əhəmiyyətini
qeyd edərək bildirib ki, bu amil həyatın bütün sahələrində,
xüsusilə də təhsildə vacibdir. Emin Əmrullayev iştirakçıların
fərqli mühitdə, fərqli öyrənmə imkanı əldə etdiyi bu müsabiqədə
xüsusilə regionlardan yüzlərlə gəncin iştirak etmək arzusunda
olmasını sevindirici hal olaraq qiymətləndirib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında
ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, gənc
nəslə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, YAP və
BANM-in birgə təşkil etdiyi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi də
gənclərin inkişafı yönündə atılan mühüm addımlardan biridir.

Tədbirdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin
direktoru, müsabiqənin münsiflər heyətinin üzvü Fariz Cəfərov
nəticələr haqqında məlumat verib. O, həmçinin regionlardan olan
müəllimlərin rəqəmsal ideyalarının çox sevindirici olduğunu qeyd
edib və bildirib ki, müsabiqə gənclərin innovativ vərdişlərə
yiyələndiyini bir daha sübut etdi.

Qeyd edək ki, müsabiqənin qeydiyyat prosesi 14-28 aprel
tarixlərində baş tutub. Müsabiqədə seçilən iştirakçılar 8 saat
ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt
rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin
təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq
üçün mübarizə aparıblar.

Mərasimin sonunda qaliblər mükafatlandırılıb. I yerin qalibi
“Xudayar”, II yerin qalibi “Zəfər”, III yerin qalibi “Yarat”
komandaları, “İntellekt” rinqinin qalibi isə “İnnovasiya” komandası
olub.

Teqlər: