YAP-a üzv qəbul olunmuş nazirlik əməkdaşlarına vəsiqələr təqdim olunub (FOTO)

YAP-a üzv qəbul olunmuş nazirlik əməkdaşlarına vəsiqələr təqdim
olundu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST
Agentliyində Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunmuş
nazirlik əməkdaşlarına Partiyanın üzvlük vəsiqələri təqdim
olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov,
ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının
sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas, Makedoniya
Türk Demokratik Partiyasının sədr müavini, həmin ölkənin əmək və
sosial siyasət nazirinin müavini Ənvər Hüseyn və b. iştirak
ediblər.

S.Babayev ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci
illərində Azərbaycanda iqtisadi inkişafı, sosial rifah halının
ildən-ilə yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. O, ulu
öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və
möhkəmləndirilməsi, ölkəmizin uzunmüddətli inkişaf yoluna
çıxarılması istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs
edib.

Nazir ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, vətəndaş
rifahına təminat yaradan sosial inkişaf strategiyasının
nailiyyətlərini qeyd edib. Ulu öndərin uğurlu siyasətinin Prezident
İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi
nəticəsində Azərbaycanın sürətli tərəqqiyə, sosial sahədə mühüm
uğurlara nail olunduğunu vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın
ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən nazir
bildirib ki, partiyaya olan böyük inam və etimadın təzahürü olaraq
YAP sıralarına qoşulanların sayı daim artır. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi sistemi üzrə də son illərdə daha 900
əməkdaş YAP-a üzv olub. Nazirlik sistemi üzrə YAP üzvü olan
əməkdaşların sayı 4000-ə qədərdir.

T.Budaqov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı
qarşısında misilsiz xidmətlərini qeyd edib. Azərbaycanın müstəqil,
suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, dünya
birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müdrik
və uzaqgörən siyasətinin, əbədiyaşar ideyalarının əvəzsiz tarixi
rolunu vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha uca, yeni
zirvələrə yüksəldiyini, böyük qələbələrə imza atdığını qeyd
edib.

B.İlyas Azərbaycanda səfərdə olmaqdan, ölkəmizdəki davamlı
inkişafı görməkdən məmnun olduğunu qeyd edib.

Tədbirdə Nazirlik sistemində çalışan əməkdaşlara üzvlük
vəsiqələri təqdim edilib. Partiyaya üzv qəbul olunan əməkdaşlar YAP
prinsiplərinə uyğun olaraq daim fəaliyyətlərində azərbaycançılıq,
dövlətə sədaqət prinsiplərini uca tutacaqlarını vurğulayıblar.

Ümumilikdə daha 90 əməkdaşa partiyanın üzvlük vəsiqələri
verilib.

Tədbir iştirakçıları DOST Agentliyi və 1 saylı DOST mərkəzinin
fəaliyyəti, əhaliyə göstərilən DOST xidmətləri ilə də yaxından
tanış olublar.

Teqlər: