Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

10 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Mərkəzi
Gömrük Hospitalının “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü
önünə əklil və tər güllər düzülüb. Tədbirdə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük
Hospitalının kollektivi Ümummilli lider Heydər Əliyevin və
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən
müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad
edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov
açılış nitqi ilə çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı
naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, o cümlədən
ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində
müstəsna töhfələrindən danışıb.

Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev ölkəmizi və xalqımızı dövlət
müstəqilliyinin çətin yollarından böyük uğurla keçirərək, tarixin
məsuliyyətli sınaqlarından alnıaçıq çıxardaraq qarşıdakı daha böyük
inkişafın strategiya və taktikasının müəyyənləşdirilməsini təmin
etmişdir. Həyata keçirilən böyük islahatlar, atılan düşünülmüş
addımlar Azərbaycan Respublikasının gələcək inkişaf yollarının
möhkəm təməllərini təşkil etmişdir.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli
Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim,
ürək-damar cərrahı Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin
uzaqgörənliliyi, siyasi müdrikliyi, Azərbaycan xalqına və millətinə
əvəzsiz xidməti və sevgisi, siyasi hakimiyyətdə olduğu bütün
dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi
istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə danışıb.

“Ulu Öndər Heydər Əliyevin səhiyyədə rolu” mövzusunda çıxış edən
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla
Mirzəzadə Ulu öndərin tibb sahəsinin inkişafına yetirdiyi böyük
diqqət və qayğıdan, ölkəmizin dünya tibb təhsili sisteminə
uyğunlaşması, milli həkim kadrlarının Avropa, Amerika, Rusiya və s.
ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil alması istiqamətdində
həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz
xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını
qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev
tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu
nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman
böyük ehtiramla yad ediləcək!

Teqlər: