YAP 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat yaydı

Yeni Azərbaycan Partiyası (YAP) 31 Mart – Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş “Soyqırım: ümumbəşəri cinayətlər
kontekstindən yeni baxiş” elmi-praktik konfransının iştirakçıları
adından bəyanat yayaıb.

AzerTimes-ın
məlumatına görə, bəyanatda deyilir: “Ermənilərin öz havadarlarına
arxalanaraq son 200 ildə soydaşlarımıza qarşı məqsədyönlü şəkildə
həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımılar
barədə reallıqlar, təkzibedilməz faktlar Ulu Öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətlə
həyata keçirdiyi siyasət nəticəsində daim beynəlxalq ictimaiyyətə
çatdırılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz
xidmətləri də aparıcı ölkələrdə, eləcə də nüfuzlu beynəlxalq
təşkilatlarda erməni uydurmalarını ifşa edir.

Məhz bunun nəticəsidir ki, tarixi yalanlar üzərində qurulmuş
məkrli erməni siyasəti, erməni mifi darmadağın edilib, ermənilərin
Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədli şəkildə
köçürülməsi, zaman-zaman törədilmiş saysız-hesabsız cinayətlər,
xüsusən 1905-1906, 1918, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza
qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya,
soyqırımı aktları barədə əsl həqiqətlər dünya ictimaiyyətinə bəlli
olub.

Aparılan araşdırmalar, təkzibolunmaz arxiv sənədləri,
soyqırımıları təsdiqləyən çoxsaylı dəlil-sübutlar, respublikamızın
müxtəlif bölgələrində aşkar olunan kütləvi məzarlıqlar erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının nə qədər geniş, faciə qurbanlarının sayının isə
qat-qat çox olduğunu sübut edir. Beynəlxalq ictimaiyyətə o da yaxşı
məlumdur ki, insanlıq əleyhinə xüsusi qəddarlıqla törədilmiş bu
cinayətlərin qurbanları azərbaycanlılarla yanaşı, ölkə ərazisində
yaşayan digər xalqların nümayəndələri də olublar.

Ermənistanın uzun illər boyu həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində azərbaycanlıların tarixən yaşadıqları yer
adlarının erməniləşdirilməsi, şəhər və kəndlərin, tarixi-mədəni
abidələrin, məscidlərin, hətta qəbiristanlıqların dağıdılması
faktları da dünyaya yaxşı bəllidir. 44 günlük Vətən müharibəsi
zamanı bir neçə dəfə bölgələrə səfər edən xarici ölkələrin
diplomatik korpusunun nümayəndələri də erməni vəhşiliyinin canlı
şahidi oldular. Lakin əksər beynəlxalq qurumlar, aparıcı ölkələr bu
cinayətə adekvat reaksiya vermək əvəzinə, Azərbaycana təzyiq
göstərməyə, müharibənin əsl mahiyyətini təhrif etməyə, Ermənistanı
düçar olduğu məğlubiyyətdən qurtarmağa çalışdılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, 200 il davam edən
işğalçılıq siyasətinə son qoyaraq bizə qalib dövlət, qalib xalq
adını və tarixi Zəfəri qazandırdı. Azərbaycan öz ərazi bütövlüyünü
bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər
kağız üzərində qalmış qərar və qətnamələrinin icrasına nail oldu,
Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Xalqımızın
müqəddəs amalının gerçəkləşdirilməsində qardaş Türkiyə, Pakistan və
bir sıra dost ölkələrin mənəvi dəstəyi qan yaddaşımızdan heç vaxt
silinməyəcək.

Xalqımıza qarşı aparılan soyqırımı siyasətinə uzun müddət
siyasi-hüquqi qiymət verilmədiyi üçün tarixi faktlar həmişə
ermənilər tərəfindən təhrif olunub. 1998-ci il martın 26-da Ulu
Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı
haqqında” Fərmanda həmin dəhşətli hadisələrə ilk dəfə siyasi qiymət
verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan
edilib.

Cəzasızlıq yeni cinayətlərə yol açır. Erməni daşnaklar
tərəfindən törədilmiş soyqırımı aktları təkcə xalqımıza qarşı
deyil, həm də insanlıq əleyhinə həyata keçirilmiş ümumbəşəri
cinayətlər olduğu üçün beynəlxalq hüquqa əsaslanan adekvat yanaşma
tələb edir. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə
həyata keçirilən çoxşaxəli tədbirlər bundan sonra da öz bəhrəsini
verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Tam əminik ki, Azərbaycan bundan sonra da müasir çağırışlara,
milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə,
xarakterinə tam adekvat olan strateji yola sadiq qalaraq tarixin
bütün sınaqlarından həmişə üzüağ çıxacaq, davamlı inkişaf yolu ilə
qətiyyətlə irəliləyəcəkdir. Hakim Yeni Azərbaycan Partiyasının
üzvləri də bu istiqamətdə üzərilərinə düşən vəzifələri məsuliyyətlə
və şərəflə yerinə yetirəcək, milli tərəqqiyə mühüm töhfələr
verəcəklər”.

Qeyd edək ki, Bəyanat Yeni Azərbaycan Partiyasının
təşkilatçılığı ilə Qubada keçirilən 31 mart Azərbaycanlıların
soyqırımına həsr olunmuş “Soyqırım – ümumbəşəri cinayətlər
kontekstindən yeni baxış” mövzusunda konfransda qəbul edilib.

Teqlər: