Xüsusi təhlükəli infeksiyalarla mübarizəyə dair maarifləndirici təlim keçirilib (FOTO)

Cənub Ərazi Baş Gömrük İdarəsində gömrük-sərhəd buraxılış
məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik
tədbirlər çərçivəsində maarifləndirici təlim keçirilib.

Təlim Dövlət Gömrük Komitəsinin Sərəncamı ilə təsdiq olunan
“Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində
xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair
təlimat”a əsasən təşkil edilib.

Komitədən Trend-ə verilən məlumata görə, iki gün davam edən
təlimi Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi
Sanitar-karantin xidmətinin rəisi Məhərrəm Nəbiyev və
Sanitar-karantin xidmətinin həkim-statisti Natiq Zülfüqarov
keçiblər.

Təlim zamanı gömrük sərhədində əks-epidemik tədbirlər, fərdi
qoruyucu vasitələrdən istifadə qaydaları, xüsusi təhlükəli
infeksiyaya yoluxmaya şübhəli bilinən şəxslərin izolyasiyası barədə
məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları
cavablandırılıb və onlara maarifləndirici çap materialları
paylanılıb.

Xatırladaq ki, sözügedən təlimat Dövlət Gömrük Komitəsi
tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli
infeksiyalara qarşı həyata keçirilən əks-epidemik tədbirləri
tənzimləyir. Bu sənəd sanitariya nəzarətini həyata keçirən baş
müfəttişlərin xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik
fəaliyyətini, o cümlədən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Sanitar-karantin xidməti tərəfindən bu fəaliyyətin
əlaqələndirilməsi istiqamətində zəruri məsələləri də
tənzimləyir.

Təlimatda yoluxmaya şübhəli bilinən şəxslərin müəyyən edildiyi
zaman görüləcək tədbirlər, təxliyə marşrutu və qurumlararası
məlumat mübadiləsi əksini tapıb.

Bu kimi təlimlərin Tibbi Xidmət İdarəsinin təlim-tədris planına
əsasən bütün gömrük-sərhəd buraxılış məntəqələrində keçirilməsi
planlaşdırılır.

Teqlər: