Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)

Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində
dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad
edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol
oynayacaq yol infrastrukturu layihələrindən biri olan
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam
etdirilir.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral
avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən
hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun
uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış
məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan
yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların
ümumi uzunluğu isə 70.4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla
I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Belə ki, hazırda yolun
genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq
yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət
hissəsinin eni 16.5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil
yolunun 45 km-lik hissəsində torpaq yatağının inşası işləri davam
etdirilir. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol yatağı
hazır olan 8 km-lik hissədə yol əsasının tikintisi işləri
yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissədə torpaq işləri,
boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi,
topoqrafiya və layihələndirmə işləri icra edilir.

Belə ki, yeni inşa edilən yol boyunca layihəyə uyğun suların
ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su
keçidləri, həmçinin əsas yolun təqribən 10, 22, 32, 38 və 43-cü
km-də, yanaşma yolun 4-cü km-də, həmçinin Qubadlı şəhərinə gedən
avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin
inşası aparılır. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə
müxtəlif səviyyəli yol qovşağının tikintisi də davam etdirilir.

Artıq layihə üzrə 46 dairəvi, 12 düzbucaqlı boru və 12 yeraltı
keçid tikilib, 1040 metr istinad divarı inşa olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və
texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin
nəzarəti altında həyata keçirilir. Tikinti işlərinin 2023-cü il
ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb
olunub.

İşğaldan azad olunan Zəngilan, Qubadlı və Laçın rayonlarının
ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də
daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış
məntəqəsini əhatə edir.

Teqlər: