XTQ-nin şəhid gizirinin valideynləri ilə görüş…

XTQ-nin şəhid gizirinin valideynləri ilə görüş…

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qarabağ” ordenli şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaur Ələsgərlinin valideynləri ilə görüşüb.

AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid valideynlərinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, şəhid hərbçimizin əziz ruhuna dərin ehtiramını yetirib.

Qeyd edək ki, Zaur Mübariz oğlu Ələsgərli (05.03.1995, Sumqayıt – 31.10. 2020, Xocavənd r.) 2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 saylı tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 saylı tam orta məktəbdə təhsil alıb.

Zaur Ələsgərli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd döyüşləri zamanı şəhid olan hərbçimiz Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi, Ayxan və Ayaz adında iki oğlu yadigar qalıb.

Şəhid hərbçimiz “Qarabağ” ordeni (09.12.2020), “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları

ilə təltif olunub.

Teqlər: