Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının
otuzuncu ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar
Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi
təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, nazirliyin rəhbər heyəti Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə
iştirak edib.

Azərbaycan Ordusunda keçirilən anım mərasimlərində əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə
də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza
qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasətinin həyata keçirildiyini vurğulayıblar.
Həmçinin Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab
olaraq 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən
müharibəsindən, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
Ordusunun qazandığı qələbədən və tarixi ədalətin bərpa edilməsindən
danışıblar.


Silsilə tədbirlərdə Xocalı soyqırımının dünyaya tanıdılması
istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komanı İlham Əliyevin, eləcə də Heydər Əliyev
Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlər xüsusi qeyd
olunub.
Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət
Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin
hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar
nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən “Xocalı soyqırımı” abidələri
ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair
mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər
keçirilib.

Teqlər: