Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin
və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları
etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı
səhifəsidir. Dinc sakinləri milli mənsubiyyətinə görə tamamilə məhv
etmək ermənilər tərəfindən hərtərəfli planlaşdırılmış və məqsədi
bəlli olan siyasət idi. Beynəlxalq hüquqa əsasən bu kimi
vəhşiliklər, cinayətlər, insanlığa qarşı terror aktları soyqırımı
kimi dəyərləndirilsə də, təəssüf ki, dünyanın bəzi dövlətləri hələ
də ədaləti maraqların arxasında əritmək missiyasını yerinə yetirir.
Amma reallıq budur ki, nə qədər tarixi inkar etməyə, ermənilərin
zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri
soyqırımı siyasətinin ört-basdır edilməsinə çalışılsa da
həqiqətlərə nə zamansa ədələtin gözü ilə baxılacağı məlum idi.
Çünki tarix faktlar əsasında yazılır və ermənilər də daim fakt
qarşısında aciz olublar. Baxmayaraq ki, qaniçən ermənilər
himayədarlarının dəstəyi ilə zaman-zaman qonşu dövlətlərə qarşı
ərazi iddiaları irəli sürüblər, hətta buna müəyyən dövrlərdə nail
olublar, amma son sözü deyən yenə də tarixi həqiqətlər, real
faktlar olur. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu
reallıqların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin Xocalı
soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da bu faktlar öz
əksini tapır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və
prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə
yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və
dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Tarixi
faktlar da bu reallığı təsdiqləyir ki, Xocalı qətliamı Ermənistanın
uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi
planlaşdırılmış etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi
idi. Buna görə də Xocalı soyqırımına hüquqi qiymət verilməli və
faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya
çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi
tanınması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları
atır: “Bu sahədə məqsədyönlü işlər ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan
sonra başlanıb. Ümummilli Liderin təşəbbüsü ilə Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü
elan edilib. 2003-cü ildən dövlət başçısı İlham Əliyevin Azərbaycan
həqiqətlərinin təbliği istiqamətində atdığı addımlar geniş miqyas
alıb. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan
dövlətinin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın
yenilməzliyinin, məğrurluğunun təqdimatı olmaqla yanaşı, bu işdə
diplomatik uğurlarımızın da roluna işıq saldı. Döyüş meydanında,
informasiya cəbhəsində Zəfərimiz dünyaya ədalət, beynəlxalq hüquq,
eyni zamanda, tarix dərsi oldu. 30 ildə tarixi inkar yolunu tutan,
himayədarlarının dəstəyi ilə yeni-yeni ərazilər zəbt etmək
xülyasına düşən ermənilər İkinci Qarabağ müharibəsində aldıqları
dərsi heç zaman unuda bilməyəcəklər. Mənfur düşmənə və onlara
dəstək verənlərə bir daha sübut olundu ki, onların problemə yalan
üzərində, ədalətdən, beynəlxalq hüquqdan uzaq yanaşmaları yalnız
müəyyən dövr üçün qəbul oluna bilər.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2008-ci ildə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu
istiqamətdə təbliğat işini daha da gücləndirdi: “Faciə ilə əlaqədar
dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində
geniş beynəlxalq ictimaiyyətə çatdırıldı, milyonlarla insan erməni
millətçilərinin əsl simasını gördü. Dünya əsl həqiqətləri eşitmək
və baş verənləri görmək istəməsə də məcburən də olsa qəbul etdi ki,
ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən,
hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı faciəsi
bu vəhşiliyin əyani təzahürü oldu. Soyqırımının dünya miqyasında
tanıdılması istiqamətində aparılan sistemli tədbirlərin nəticəsidir
ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının,
Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras,
Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində
Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq
edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya,
Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 24 ştatının icra və
qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi
qiymətləndirərək qətiyyətlə pisləyiblər.”
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün işğaldan azad edilmiş
ərazilərimizin hər daşı, qayası erməni vəhşiliklərinə şahidlik
edir: “Ermənilərin hələ çox da uzaq olmayan bir zamanda, 44 günlük
İkinci Qarabağ müharibəsinin gedişində Gəncədə, Bərdədə, Tərtərdə
törətdikləri terror aktlarını xatırlamaq kifayətdir ki, onların nə
qədər vəhşi bir məxluq olduğunu görək. Bu faciələr dünyanın guya
hadisələrə ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində
yanaşdığı bir zamanda yaşandı. Amma nəticə nə oldu? Yenə də dünya
güclərinin seyrçi mövqedə dayanmaları, belə bir faciənin baş
vermədiyi barədə görüntü yaratmağa çalışmaları. Bugünümüzün əsas
çağırışları sırasında həqiqətlərimizin təbliği, beynəlxalq aləmdə
Azərbaycanın zəngin tarixi barədə dolğun məlumatların verilməsidir.
O tarix ki, uğurlu səhifələri ilə yanaşı, faciəli anları da vardır.
Hər zaman tarixdən ibrət dərsi almalı, başımıza gətirilən faciələri
unutmamalıyıq. Baxmayaraq ki, bu gün tarixi Zəfərimizin reallıqları
fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması
üçün Ermənistana sülh sazişi imzalamaq təklif olunur, bu, keçmişi,
mənfur düşmənin törətdiklərini unutdurmaq anlamına gəlməməlidir.
Xocalı faciəsi qan yaddaşımızdır. Xocalı qurbanlarının xatirəsi
daim qəlbimizdə yaşayacaq.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, rəşadətli
Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə ermənilərin bu əməllərini cavabsız qoymadı:
“44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər
erməni vəhşilərinə axıtdıqları qanların, Xocalı soyqırımının cavabı
oldu. Qələbəmiz nəinki regionu, bütövlükdə dünyanı erməni
faşizmindən xilas etdi. Xalqımız tam əmindir ki, dövlətimizin
uğurlu siyasəti, qətiyyəti sayəsində necə torpaqlarımızın işğaldan
azad edilməsinə nail olduqsa, eləcə də illərlə azərbaycanlılara və
türklərə qarşı törədilən soyqırımların günahkarları beynəlxalq
hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar. Bununla yanaşı,
Ermənistan dövləti də Xocalıya və Azərbaycan ərazisində törətdiyi
digər qətliamlara görə cavab verməlidir. Eyni zamanda, Ermənistan
cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə üzr
istəməlidir”.