Xocalı həqiqətləri Çin dilində (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə
həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin ən
dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının
nəticələrindən danışıb və bu soyqırım haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Konfutsi
İnstitutunun direktoru Rafiq Abbasov Xocalı soyqırımının beynəlxalq
ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev
Fondunun həyata keçirdiyi tədbirlər, Fondun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası haqqında danışıb. O, qanlı Xocalı
hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin
soyqırım kimi tanınmasının vacibliyini vurğulayıb. Bildirilib ki,
Çində ADU-nun tələbələri dövlətimizi təmsil edərkən Xocalı
həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlər
görürlər.

Tədbirdə çıxış edən ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri
Məmmədov Misgər bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqına
qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xatırladıb ki,
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı
dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi
ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub,
nəticədə 613 Xocalı sakini qətlə yetirilib, o cümlədən 63 uşaq, 106
qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə
itkin düşüb. Bu dəhşətli hadisələrin Azərbaycan tarixinə ən faciəli
səhifələrdən biri kimi daxil olduğunuda diqqətə çatdırıb.

ADU-nun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Xocalı hadisələrinin şahidi Vahid Əlioğlu diqqətə çatdırıb ki,
beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini
intensivləşdirməlidir. O, Xocalı soyqırımı qətnamələrinin son
illərdə bir çox dövlətlərin qanunverici orqanlarında qəbul
olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil
alan tələbələri Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində
baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib.
Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır
cinayətlərdən biri olduğunu Çin dilində qeyd edərək, soyqırımının
beynəlxalq miqyasda tanınması üçün gənclərimizin səfərbər olacağına
inandıqlarını bildiriblər. Tələbələr Xocalı soyqırımının Azərbaycan
xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin
dilində qeyd ediblər.

Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks
etdirən sənədli filmlər nümayiş olunub.

Teqlər: