Bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan
Xocalı soyqırımından otuz il ötür. Erməni faşizminin iç üzünü bir
daha dünyaya açıb göstərən bu qanlı hadisə, təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi
cinayətdir.
Düz otuz il əvvəl, 1992-ci ilin fevral ayında soyuq qış
gecəsində erməni cəlladları Xocalı şəhərində heç bir günahı olmayan
dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız
azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirməklə
insanlıq tarixinə qara ləkələr vurdular.
Vəhşi və vandal xislətli düşmən qətliamı törətməklə Azərbaycan
insanını qoxutmaq və onun mübarizlik əzmini qırmaq istəsə də, öz
mənfur niyyətlərinə nail ola bilmədi. 44 günlük Vətən Müharibəsində
qazanılan tarixi Zəfər düşmənə ən kəsərli cavab oldu. Ali Baş
Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz döyüş
meydanında sarsıdıcı zərbələrlə düşmənin belini qırdı, onu əzəli
torpaqlarımızdan qovub çıxardı və tarixi ədaləti bərpa etdi. Artıq
doğma Qarabağımız azaddır və günü-gündən dirçəlir. Əminəm ki, bu
gün bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının ruhu
şaddır.
Eyni zamanda, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi:
“Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və
bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında
həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya
dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün
bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi
durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və
insanlıq borcumuzdur”.
Bununla yanaşı, faciəyə beynəlxalq miqyasda obyektiv
hüquqi-siyasi qiymətin verilməsi və günahkarların layiqincə
cəzalandırılması insanlıq əleyhinə olan belə amansız qətliam
aktlarının gələcəkdə təkrarlanmaması üçün vacib şərtdir. Bu
məqsədlə, dövlətimiz tərəfindən, eləcə də Heydər Əliyev Fondunun
təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən sistemli
tədbirlərin nəticəsidir ki, bir çox ölkələrdə Xocalı faciəsi
soyqırım və qətliam aktı kimi təsdiq olunub.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına
uyğun olaraq, hazırda ölkəmizdə Xocalı soyqırımının otuzuncu
ildönümünə həsr olunan çoxlsaylı tədbirlər həyata keçirilir. Bu
tədbirlərə ali təhsil müəssisəsi olaraq töhfə vermək məqsədilə,
Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə
ötürülməsi, eləcə də ölkə daxilində və onun hüdudlarından kənarda
daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi əsas
vəzifələrimizdən hesab olunur.
Nə qədər illər keçsə də, Xocalı faciəsini heç zaman
unutmayacağıq. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş
soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümündə dərin
hüznlə və böyük ehtiramla yad edərək Uca Allahdan bütün
şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Şahin Bayramov
Mingəçevir Dövlət Universitetinin rektoru