XIX əsrdən Qafqazda məskunlaşdırılmağa başlayan ermənilər bölgəni “qan çanağı”na çevirdilər – Allahşükür Paşazadə

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan
soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə
kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün
əsl mənasında “qan çanağı”na çevirdilər.

AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin
sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, azərbaycanlılara qarşı kütləvi qətllərin
və soyqırım aktlarının reallaşması ilə müşayiət olunan bu siyasətin
məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq,
bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi.

“Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə
dırnaqarası “milli-mədəni”, dini, siyasi və hətta terrorçu
təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını
səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə
azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail
oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində
monoetnik respublika yaratdılar.

Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin
Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən
erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata
keçirdilər – 250 mindən artıq azərbaycanlınin Ermənistandan
amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni
ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü
soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya
nöqtəsi olmuşdur”, – deyə A.Paşazadə bildirib.

O qeyd edib ki, şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük
haqq mücadiləsi — Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş
Komandanının rəhbərliyi ilə qəhrəman Ordusunun rəşadəti sayəsində
tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, Qarabağı erməni
işğalından azad etdi.

“Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün
azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış
mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və
ziyarətgahlarına yeni həyat verir. Prezident İlham Əliyevin və
Birinci xanım Mehriban Əliyevanın Qarabağa hər səfəri zamanı dövlət
əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi
abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı
layihələrin gerçəkləşdirilməsinə hamı şahiddir”, – deyə A.Paşazadə
əlavə edib.

Teqlər: