XİN-in təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu
ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə AR XİN-in
rəhbərliyi, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik
nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri iştirak
edib.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, tədbirin
əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Konfransda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi −
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, məşhur
beynəlxalq hüquqşünas Malkolm Şou və Xocalı soyqırımının şahidi
Ləfxanım (Nərgiz) Mahmudova çıxış ediblər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
çıxışında 30 il bundan öncə Ermənistanın Azərbaycan qarşı hərbi
təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən
biri olan – Xocalı soyqırımı haqqında danışıb. 613 mülki şəxsin bir
gecə ərzində xüsusi amansızlıqla, etnik mənsubiyyətinə görə qətlə
yetirildiyini vurğulayan nazir, bunun Ermənistan tərəfindən
aparılan irqçi siyasətin təzahürü olduğunu qeyd edib. Ceyhun
Bayramov Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı fəaliyyətin
aparıldığını qeyd edib və indiyədək 17 dövlətin milli
qanunvericilik orqanı, eləcə də ABŞ-ın 24 ştatı tərəfindən bu
cinayəti kəskin çəkildə pisləyən müvafiq qətnamələrin qəbul
edildiyini söyləyib. Ermənistan tərəfindən gec olsa belə bu
istiqamətdə müsbət addımların atılmasının iki xalq arasında
münasibətlərin normallaşdırılmasına ciddi töhfə ola biləcəyini
bildirən nazir, lakin bugün də bunun şahidi olmadığımızı təəssüflə
vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin
köməkçisi − Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev post münaqişə dövründə barışığın olması üçün ilk
növbədə ədalətin, o cümlədən Xocalı soyqırımının qurbanları üçün
ədalətin bərqərar olmasının vacibliyini qeyd edib. Hikmət Hacıyev
Xocalı soyqırımının dünya mediası tərəfindən işıqlandırılmasına
baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən
azərbaycanlılara qarşı Başlıbel, Malıbəyli, Qaradağlıda törədilən
insanlıq əleyhinə cinayətlərin yetərincə işıqlandırılmadığını qeyd
edib. O, Ermənistan xalqının bu qara ləkəni silmək üçün törədilən
soyqırımı qəbul etməli və bununla bağlı üzr istəməli olduğunu
vurğulayıb.

Tədbirdə çıxış edən beynəlxalq hüquqşünas Malkom Şou Xocalı
soyqırımının hüquqi aspektləri haqqında danışıb. O, Xocalıda
törədilən cinayətin Ermənistan tərəfindən beynəlxalq humanitar
hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu
bildirib. Hüquqşünas, müharibə cinayətləri, soyqırımı və insanlıq
əleyhinə cinayətlərin xatırlanmasının həm də onların bir daha baş
verməməsi baxımından önəmli olduğunu vurğulayıb.

Konfransda çıxış edən, Xocalı soyqırımı zamanı 9 yaşında 7 gün
əsirlikdə qalan Xocalı şahidi Ləfxanım (Nərgiz) Mahmudova Xocalı
soyqırımı zamanı onun və ailəsinin başına gətirilən vəhşiliklərdən
danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin
necə mühasirəyə alındığını, atəşə tutulduğunu və həmin vaxt
yaşadıqları dəhşətləri bölüşüb. Ləfxanım (Nərgiz) Mahmudova sonda
artıq Xocalının qisasının alındığını və 30 illik həsrətə son
qoyulduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət
diləyib.

Tədbir anım konserti ilə davam edib.

Teqlər: