XİN-in keçmiş vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirilib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Çingiz Abışov bildirib ki, onun adına şirkətlər açılıb: “”Əmrahbank”da çalışan Rövşən Məmmədov mənə təklif etdi ki, adına şirkətlər yaradaq sən də pul qazan. Həmin vaxt işləmədiyim üçün razılaşdım. Aylıq 300 manat əməkhaqqı alırdım. Hər pul əməliyyatında banka gəlib sənədlərə qol çəkib pulları Asif adlı şəxsə verirdim. 2 ilə yaxın əməkdaşlıq etmişəm. Asifin harada işləməsindən xəbərim yox idi”.

Şahidin məhkəmədə verdiyi ifadə ilə istintaqdakı ifadəsi arasında ziddiyət olduğundan onun istintaqa verdiyi ifadə elan olunub. İstintaqdakı ifadəsində bildirib ki, Asif Xarici İşlər Nazirliyinin əməkdaşı olub: “Hər pul əməliyyatından sonra pulu çıxarıb Asifə vermişəm. O da bildirirdi ki, pullar Səlim Əlizadəyə çatır. Hər pul əməliyyatından 2 faiz mənə çatırdı”.

Şahid istintaqa verdiyi ifadəni təsdiqləsə də, Səlim Əlizadəni tanımadığını deyib.

Daha sonra şahid qismində ifadə verən Tural Niftəliyev Çingiz Abışovun tanışı olduğunu deyib: “Çingiz məni Rövşən müəllimlə tanış eləmişdi. Bəzən pul çıxartmaq üçün banka gəlmişəm. Həmin pulu çıxarıb Rövşən Məmmədova vermişəm. Qarşılığında mənə 5 manat pul verirdi. Ümumilikdə, adıma 19 min manat pul gəlib”.


Prosesdə şahid qismində dindirilən Günel İsayeva isə deyib ki, bankda çalışan Rövşən Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: “Mən mühasibəm. Bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətim yaranmışdı. O təklif etdi ki, Səlim Əlizadə ilə işləyim. Səlim Əlizadə adıma şirkət yaratmağı təklif etdi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Şirkətə mallar gəlirdi. Mən də bir neçə dəfə bankın qarşısında malları görmüşəm. Ümumilikdə, şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə pul verilib. Vergilər də onlar tərəfdən ödənilib”.

Digər şahid Məhyəddin Hüseynov bildirib ki, o, usta kimi fəaliyyət göstərir və Bilal Qasımovun evində usta işləyib: “O təklif etdi ki, adıma şirkət yaradılsın və tikinti materialları ilə bağlı işlər görülsün. Sonra mənə dedi ki, iş alınmadı”.

Proses oktybarın 5-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barələrində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Səbail Rayon Məhkəməsi tərəfindən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Teqlər: