XİN-ə qəbul imtahanının nəticələri ilə bağlı apelyasiya prosesi başa çatıb

Xəbər - Humay Ağacanova – Trend:

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul
imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apelyasiya
prosesi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,yanvarın 23-də
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı
və Naxçıvan şəhərlərində imtahan keçirilib.

İmtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları
(qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70, rəqəmsal, verbal
məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20, ümumi dünyagörüşü
üzrə 10 sual), həmçinin Azərbaycan dili və xarici dil üzrə bilik və
bacarıqların ölçülməsi məqsədilə esse tapşırıqları təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 150, esse yazmaq üçün
isə 90 dəqiqə vaxt ayrılıb. İmtahanda 460 nəfər iştirak edib.


Namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi
nəzərə alınaraq imtahanın nəticəsinə əsasən, xarici dildə yazılan
esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək
nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ
qazanıb. Qeyd edək ki, müsahibədə iştirak etmək hüququ qazanmaq
üçün keçid balı 189.5 olub. Yazı işlərinin qrafik təsviri də hər
bir namizədin imtahan nəticələrinə dair səhifəsində
yerləşdirilib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 14 fevral 2022-ci il tarixindən etibarən onlayn (“Zoom”
proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi
təşkil edilib. Ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və
komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb. Bu
müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış
esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı
üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən
namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları
dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European
Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə
uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat,
essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə
Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma
məqsədilə göndərilib. Komissiyanın qərarına əsasən müraciət
edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti
mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6
nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini
ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə
baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib.
Xatırladaq ki, hər bir müraciət haqqında Apellyasiya Komissiyasının
qərarı ilə bağlı namizədlər məlumatlandırılıb.

Teqlər: