Xilasedicilərimiz gecə də axtarışları davam etdirir

Xilasedicilərimiz gecə də axtarışları davam etdirir

Azərbaycan xilasediciləri Türkiyənin Qəhrəmanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir.

AzerTimes Report-a istinadən xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını hazırda da davam etdirir.

Fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Qəhrəmanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri Qəhrəmanmaraşda üç növbəli sistem şəklində axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Qəhrəmanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: