Xəzər rayonunda Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi (FOTO)

Xəzər Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi Cabbarov Şahgündüz Habil oğluna həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” adlı kitabın təqdimat mərasimi keçirilib.

11 avqust 2021-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayının qarşısında, açıq havada keçirilən tədbir xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla təşkil olunub.

Kitabın təqdimat Mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Soltan Məmmədov, Mahir Abbaszadə, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir başlamazdan öncə qonaqlar Xəzər rayonunun gənc rəssamları tərəfindən çəkilən “Şəhid Şahgündüz Cabbarov gənc rəssamların gözü ilə” adlı rəsmlərin sərgisi və şəhidimizə həsr olunan guşə ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aparıcı Arif Əliyev (Buzovnalı) tədbiri açıq elan edərək, ilk olaraq sözü Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahova verib.

E. Salahov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb. E. Salahov bildirib ki, bu gün hər birimizin fəxr etdiyi zəfər 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb.


Daha sonra Millət vəkilləri və digər natiqlər çıxış edərək, zəfər gününə qədər Qarabağda və arxa cəbhədə gedən proseslərdən, xalqımızın yumruq kimi birləşərək ordunun arxasında durmasından danışıb. Natiqlər qeyd edib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı borcumuzdur.

Sonra Kitabın redaktoru, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli kitabın ərsəyə gəlməsindən söz açıb.

Daha sonra söz, şəhid Cabbarov Şahgündüzün atası Habil Cabbarova verilib. H. Cabbarov kitabın hazırlanmasında, işıq üzü görməsində və təqdimat mərasiminin keçirilməsində zəhməti olan hər kəsə ailəsi adından minnətdarlıq edib.

Sonda gənc rəssamlar tərəfindən çəkilən rəsm əsərləri şəhidin ailə üzvlərinə təqdim olunub. Mədəniyyət Sarayının qarşısında xatirə şəkli çəkilib.

Teqlər: