Xəzər Media Forumunda bunlar müzakirə edildi – Vəlizadə

Xəzər Media Forumunda bunlar müzakirə edildi – Vəlizadə

Xəzər Media Forumu artıq keçirilməsi ənənəyə çevrilən bir tədbirdir. Həmişə olduğu kimi, üç gün öncə Həştərxanda baş tutan Forumda ölkəmizə xüsusi diqqət var idi. Çünki adından da məlum olduğu kimi, ölkəmiz Cənubi Qafqazın yeganə Xəzəryanı ölkəsidir.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, tədbirin dezinformasiyanın qarşısının alınması və əməkdaşlıq baxımından vacib əhəmiyyəti var:

“Ölkəmizin nümayəndə heyətinin üzvləri öz çıxışlarında Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar, Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında digər iştirakçılara məlumat verdi. Zəngəzur dəhlizinin Rusiyanı, Azərbaycanı və digər bölgə ölkələrini, Türkiyə, Mərkəzi Asiya, İranı Cənub-Qərbi Asiya, Yaxın Şərqlə, Avropa birləşdirəcəyi təqdirdə ortaya çıxacaq böyük iqtisadi potensialın sülhə və təhlükəsizliyə töhfəsi haqqında geniş müzakirələr aparıldı. Digər tərəfdən sözügedən ölkələr arasında dezinformasiyanın, qərəzli məlumatların yayılmasının qarşısının alınması yolları, aparıcı agentliklərin fəaliyyətləri haqqında danışdıq. Eyni zamanda neqativ halların qarşısının alınması məqsədilə ölkələr arasında birbaşa informasiya mübadiləsi, ekspertlərin fikirlərinin öyrənilməsi məsələsi də gündəmə gətirildi. Bu, son baş verən qlobal proseslər fonunda regiondakı ölkələrdə aparılan fəaliyyətlər və görülən işlər haqqında daha dolğun və doğru informasiyanın alınması üçün xüsusi önəm daşıyır. Əlbəttə ki, hər bir dövlətin öz maraqları var və milli maraqların qorunması informasiya sahəsində də prioritet istiqamətlərdəndir. Lakin ekoloji və digər sahələrdə qorumalı olduğumuz maraqlar da var. Düşünürəm ki, belə tədbirlər bu istiqamətdə qarşılıqlı anlaşma, inkişaf və fəaliyyətin koordinasiyası baxımından böyük önəm daşıyır”.

Qeyd edək ki, VII Xəzər Media Forumu 8-10 sentyabr tarixlərində Həştərxan şəhərində keçirilib. Forum 2014-cü ildə Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya tərəfindən təsis olunub.

Teqlər: