13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ
Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd
olunması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə
nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə
inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri
barədə fikir mübadiləsi aparılıb.
X.Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam
etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan
müsbət dinamikanı məmnunluqla qeyd edib. Azərbaycanın Avropa
İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji
təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. Bu mənada ötən
ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar
səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki
məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki
vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və
regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən
atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda
yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət
qiymətləndirib.
Səfir Volfqanaq Maniq diplomatik münasibətlərinin qurulmasının
30 illiyinin qeyd olunması münasibətilə təbriklərini ifadə edərək,
Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş
olduğunu vurğulayıb. Səfir baş tutmuş ikitərəfli yüksək səviyyəli
səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi,
iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın
inkişaf etdiyini qeyd edib. V.Maniq Səfirliyin Bakıda Alman
Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə
xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə
verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin 19-cu əsrdə alman icmasının Azərbaycanda
məskunlaşması tarixi mirasının xalqlarımız arasındakı xoş
münasibətlərə təsiri məmnunluqla xatırlanıb. Daha sonra tərəflər
diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış
fotoalbomla tanış olub.