Xarkovdakı atışmalarda üç azərbaycanlı sürücü xəsarət alıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Ukraynada olan Azərbaycana məxsus beynəlxalq yükdaşımaları icra
edən sürücülərin təxliyəsinə başlanıb.

Bunu AzerTimes-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq
şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, ötən gün Odessa şəhərindən Moldova
Respublikasına 6 yük nəqliyyat vasitəsinin keçidi təmin edilib:

“Bu gün isə bir o qədər də yük maşınının həmin istiqamətə doğru
keçəcəyi gözlənilir. Qeyd edim ki, yanacaq problemi ilə üzləşən
sürücülərin də problemi öz həllini tapıb. Hazırda digər
istiqamətlər üzrə əsasən də Xarkov, Kiyev ətrafında cəmləşən
sürücülərin təxliyəsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar
aparırırq.

Ötən gün Xarkov şəhərində baş verən atışma zamanı üç nəfər
sürücü xəsarət alıb. Onlardan biri ambulator yardımdan sonra evə
buraxılıb. Digər iki sürücü isə Xarkov Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Onların tez bir zamanda sağalması və ailələrinin
yanına dönməsi üçün işlər aparılır”, – deyə R.Eldaroğlu
bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: